Almaniyanın Avropada hərbi gücünün artması məsələsi uzun tarixi və strateji kontekstdə dəyərləndirilməlidir. İkinci Dünya müharibəsindən sonra bu ölkənin hərbi potensialı ciddi şəkildə məhdudlaşdırıldığından Almaniya son vaxtlara qədər dünya arenasında iqtisadi baxımdan nəhəng, hərbi baxımdan isə cırtdan ölkə kimi tanınırdı. “Potsdam” və “Versal” razılaşmaları çərçivəsində Almaniyanın peşəkar ordusu ləğv edilmiş, silah sənayesi məhdudlaşdırılmış, ölkədə hərbi modernləşmə faktiki olaraq dayandırılmışdı. Bunun nəticəsində Almaniya əsas diqqətini iqtisadi sahəyə yönəldərək Avropa Birliyi içində iqtisadi lider mövqeyinə yüksəlmişdi. Son 80 il ərzində Almaniya sənaye və texnologiya sahəsində böyük inkişaf əldə etsə də, hərbi gücünü məhdud səviyyədə saxlamış, müdafiə siyasətində NATO və digər müttəfiqlərə güvənmişdi. Bu uzunmüddətli yanaşma Almaniyanın regional təhlükəsizlikdə rolunu iqtisadi və diplomatik təsir vasitələri ilə məhdudlaşdırmışdı.
Lakin 2022-ci ildə Ukraynada başlanan müharibə Avropada təhlükəsizlik mühitini kökündən dəyişdi, bir sıra ölkələrlə yanaşı, Almaniyada da hərbi modernləşmə və təhlükəsizlik məsələlərini gündəmə gətirdi. Ukrayna müharibəsi alman ictimai-siyasi dairələrində narahatlıq yaratdı, ölkənin NATO öhdəliklərinin icrası və Avropanın müdafiəsində rolu aktiv müzakirələrə səbəb oldu. Almaniyanın gələcəkdə Avropanın ən güclü ordusuna malik olub-olmaması artıq sadəcə konseptual deyil, strateji zərurət kimi qiymətləndirilir. Bu prosesdə NATO-dakı öhdəliklər, hərbi xərclərin artırılması tələbi, ABŞ və digər müttəfiqlərin Almaniyadan gözləntiləri, eləcə də Rusiya amilinin yaratdığı regional risk vacib rol oynayır. ABŞ geosiyasi baxımdan Avropanın təhlükəsizliyində hələ də əsas aktor olsa da, Ukrayna müharibəsi və Çin-Rusiya faktorları onun resurs bölgüsünü məhdudlaşdırıb. Bu, Almaniyanın Avropada müstəqil müdafiə siyasətini formalaşdırmaq ehtiyacını artırır və hərbi modernləşməni zəruriləşdirir.
Rusiya faktoru Almaniyanın strateji planlaşdırmasında mühüm rol oynayır. İkinci Dünya müharibəsində Sovet İttifaqı Avropanı faşizmdən xilas etmişdisə də, müasir geosiyasi kontekstdə Rusiyanın hərbi fəaliyyəti Almaniya üçün strateji risklər yaradır. Avropada artan təhlükəsizlik narahatlığı Almaniyanı ordusunu gücləndirməyə və NATO çərçivəsində daha məsuliyyətli olmağa sövq edir. Almaniya yalnız Avropanın şimal-şərq sərhədlərini qorumaqla kifayətlənmir, həm də NATO-nun ümumi müdafiə strategiyasında kritik rol oynayır, hərbi texnologiya və resurslarını modernləşdirərək, regional balansın qorunmasına töhfə verir. Almaniyanın iqtisadi imkanları və sənaye gücü hərbi modernləşmənin maliyyə təminatı və texnologiya dəstəyi baxımından ciddi üstünlük yaradır. Bu ölkənin silahlı qüvvələrinin gələcəkdə Avropanın ən güclü ordusuna çevrilmə perspektivi realdır, lakin bu, beynəlxalq öhdəliklərin, regional təhlükəsizlik təhdidlərinin və iqtisadi imkanların balanslı şəkildə idarə edilməsindən asılı olacaq. Hərbi modernləşmə yalnız ordunun sayını və texnologiyasını yox, həm də regionun strateji müstəqilliyini və NATO-nun etibarını artırmaq məqsədi güdür.
Bu baxımdan Almaniya uzunmüddətli perspektivdə Avropanın təhlükəsizlik arxitekturasında həm siyasi, həm də hərbi lider rolunu oynaya bilər. ABŞ-ın Sakit okean və Hind-Sakit okean strategiyasına fokuslanması Avropanın öz müdafiəsini gücləndirməsinin vacibliyini önə çəkir. Qlobal hərbi-strateji vəziyyət olduqca mürəkkəb bir tablo təqdim edir, burada ABŞ, Çin, Rusiya və Avropanın rolu bir-birinə bağlıdır. Çin və Rusiyanın Sakit okean boyunca sahil xətti təxminən 52 min kilometrdir. Bu fakt regiona hərbi nəzarəti mürəkkəbləşdirir: ABŞ və ya müttəfiqlərinin bu ölkələrin təsir dairəsini daraltmaq cəhdləri sahil xəttinin uzunluğu, hərbi infrastrukturun çoxsaylı bazalara bölünməsi və donanmaya aid strateji məkanların mövcudluğu səbəbindən çətinləşir. Çin aktiv şəkildə dəniz qüvvələrini gücləndirir, Hainan, Fucian, Quanqdonq və Qanzu ərazilərində yeni gəmilər üçün doklar qurur, Cənubi-Çin dənizində süni adalar tikir, bu bölgələrdə mülki nəzarətlə hərbi nəzarəti birləşdirir. Eyni zamanda Rusiya donanması Arktikada Şimal donanması, Vladivostokda Sakit okean donanması, Kalininqradda Baltik donanması və Novorossiyskdə Qara dəniz donanması kimi dörd ayrı bölgəyə bölünüb. Belə geniş ərazidə yerləşmiş donanma ABŞ üçün hər hansı blokada və ya strateji təzyiq əməliyyatını son dərəcə mürəkkəbləşdirir. Çin və Rusiyanın birgə hərbi-dəniz fəaliyyətləri faktiki olaraq ABŞ-ın Sakit okeanda tam üstünlüyünü əngəlləyir. ABŞ indi resurslarını Şimali və Cənubi Hind-Sakit okean bölgələrinə bölərək diqqətini buraya cəmləməyə məcburdur, bununla da Yaponiya, Cənubi Koreya, Filippin, İndoneziya və AUKUS ölkələrinin (AUKUS - Avstraliya (Australia), Böyük Britaniya (United Kingdom) və ABŞ (United States) ölkələrinin hərbi və strateji əməkdaşlıq üzrə üçtərəfli razılaşmasıdır) hərəkətlərini də nəzərə alır.
Atlantik tərəfdə isə fərqli bir çağırış ortaya çıxır. ABŞ-ın Avropaya hərbi diqqətinin nisbətən azaldığı bir şəraitdə Almaniya Avropanın “kölgə” təhlükəsizlik təminatçısı rolunu öz üzərinə götürür. Son illərdə Almaniyanın müdafiə büdcəsi 100 milyard avronu keçib, hava qüvvələri, tanklar və digər hərbi texnika modernləşdirilir, ordunun sayı isə 260 min nəfərə çatdırılıb. Bu, ölkənin Avropanın təhlükəsizliyini gücləndirmək və NATO daxilində strateji boşluğu doldurmaq niyyətindən xəbər verir. Rusiyanın təzyiqləri və mürəkkəb geosiyasi mühit Almaniya və Fransanın üzərinə xüsusi strateji məsuliyyət yükü qoyur, bu da tarixi və cari təhlükəsizlik faktorlarını nəzərə alaraq ordunun modernləşdirilməsini zəruri edir.
Ümumilikdə, Çin və Rusiyanın geniş sahil xətti və güclü dəniz infrastrukturu, eləcə də Almaniyanın hərbi gücünün artması qlobal güc balansını dəyişdirir. ABŞ indi Sakit okean və Atlantik regionlarında resurslarını diqqətlə bölüşdürməyə məcburdur, Avropa isə öz müdafiəsini və strateji müstəqilliyini gücləndirməyə çalışır. Bu proses göstərir ki, Avropanın strateji avtonomiyası, Almaniyanın hərbi potensialının yüksəlməsi və Çin-Rusiya dəniz siyasətinin inkişafı növbəti onilliklərdə qlobal güc balansını müəyyən edəcək.
Avropada vahid hərbi qurum yaratmaq ideyası çox mürəkkəb tarixi, mədəni və sosial faktorlara bağlıdır. Tarixi baxımdan Avropanın müxtəlif bölgələrində fərqli dini məzhəblər və etnik qruplar mövcud olub - protestantlar, katoliklər, pravoslavlar. Əsrlər boyu bunların bir-birinə düşmən münasibəti formalaşıb. Hətta dil və mədəniyyət fərqləri də regional birliyi çətinləşdirir: məsələn, Belçikada bir tərəf flamand, digər tərəf fransız dilində danışır. Bu fərqlərə baxmayaraq, 1815-ci ildə keçirilmiş Vyana konqresində Avropa dövlətləri bir araya gələrək birlik yaratmağa qərar vermişdi. Səbəb isə ortaq düşmən - Osmanlı imperiyası və islam faktoru təhlükəsi idi. Bu, həm də Avropa tarixində, eləcə də Yaxın Şərqdə strateji maraqların formalaşmasına təsir göstərdi.
Müasir dövrdə isə Avropanın vahid ordusu ideyası daha mürəkkəb və problematikdir. Fransa və Almaniya bu məsələni ciddi şəkildə müzakirə edir. Məsələn, Fransa prezidenti Emmanuel Makron bəyan etdi ki, Avropa öz ordusunu yaradacaq, lakin ABŞ-ın təzyiqi altında bu təşəbbüs məhdudlaşdırıldı. Vəziyyət göstərir ki, Avropanın ABŞ-ın iştirakı olmadan müstəqil təhlükəsizlik arxitekturası qurması çətin məsələdir. Bundan əlavə, Avropa daxilində digər problemlər də var: radikal sağçı partiyaların, məsələn, Almaniyada AFD, Fransada isə Le Penin güclənməsi, neonasist meyillərin aktivləşməsi, miqrasiya böhranının həll edilməməsi və enerji asılılığı kimi faktorlar Avropanın birlik və təhlükəsizliyinə təsir göstərir. 2022-ci ildə başlanan Ukrayna müharibəsi qitədə real narahatlıqları daha da artırdı; enerji embarqosu və resurs çatışmazlığı kimi məhdudiyyətlər Avropanın öz təhlükəsizliyini təmin etmək imkanını məhdudlaşdırdı. Bu baxımdan Fransa və Almaniyanın birgə təhlükəsizlik təşəbbüsləri mütləq xarici dəstək, koordinasiya və strateji tərəfdaşlıq tələb edir. İqtisadi çətinliklər, enerji asılılığı, hərbi zəiflik və sosial radikallaşma Avropada vahid hərbi-siyasi arxitekturanın formalaşmasını çətinləşdirir.
Belə şəraitdə Avropa üçün əsas strateji tərəfdaş olaraq Türkiyə diqqət mərkəzinə gəlir. NATO üzvü kimi Türkiyə uzun illər strateji əhəmiyyətini qoruyub saxlayıb, Avropanın təhlükəsizliyində indi də açar rolu oynayır. Türkiyənin mövqeyi göstərir ki, Avropa ABŞ-dan tam müstəqil olmaq istəsə belə, Türkiyə ilə əməkdaşlıq etmədən bunu həyata keçirmək çətindir. “Qoca qitə” öz təhlükəsizlik arxitekturasını yenidən qurarkən Türkiyənin rolunu nəzərə almalı, onunla hərbi və strateji əməkdaşlıq qurmalıdır.
Bir sözlə, Avropada vahid ordu və təhlükəsizlik sistemi yaratmaq hələlik mürəkkəb və çoxşaxəli problemdir. Tarixi fərqlər, sosial və mədəni bölünmələr, daxili radikallaşma, miqrasiya və enerji problemləri, ABŞ və Türkiyənin rolu bu prosesin formalaşmasına birbaşa təsir göstərir. Bu məsələ hələlik Avropa üçün strateji sual kimi qalır: gələcəkdə vahid, effektiv və müstəqil hərbi qurum yaratmaq mümkün olacaq, yoxsa region fərqli ittifaqlar və tərəfdaşlıqlar arasında parçalanmış vəziyyətdə mövcudluğuna davam edəcək?
Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert