Dekabrın 17-də Əbu-Dabidə Prezident İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında keçirilən görüş iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdiyini bir daha təsdiqlədi. Bu səfər rəsmi protokol çərçivəsindən kənara çıxaraq həm siyasi dialoq, həm də iqtisadi, enerji və humanitar sahələrdə uzunmüddətli perspektivləri müəyyənləşdirən kompleks regional hadisəyə çevrildi. Azərbaycan-BƏƏ əlaqələrinin hazırkı dinamikası beynəlxalq müqavilə hüququnun baza prinsiplərinə - dövlətlərin suveren bərabərliyi, qarşılıqlı faydalı əməkdaşlıq və daxili işlərə qarışmamaq normalarına uyğun olaraq formalaşır. Tərəflər arasında imzalanmış 50-dən çox hüquqi sənəd, o cümlədən 2024-cü il Anlaşma Memorandumu və Şuşada imzalanmış strateji bəyannamələr əməkdaşlığın uzunmüddətli və institusional xarakter daşıdığını göstərir. Bu sənədlər həm də iqtisadi və enerji layihələrinin beynəlxalq-hüquqi təminat mexanizmlərini möhkəmləndirir, tərəflər arasında öhdəliklərin hüquqi müəyyənliyini artırır.
Bu sözlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Əbu-Dabi görüşü: Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının yeni mərhələsi” sərlövhəli məqaləsində yer alıb. Herbiand.az AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

Prezident İlham Əliyevin BƏƏ-yə səfərinin əsas məqsədləri aşağıdakı istiqamətlər üzrə qiymətləndirilə bilər:
Siyasi dialoqun gücləndirilməsi
Görüş iki ölkə arasında yüksək səviyyəli diplomatik koordinasiyanın davamlı xarakter aldığını göstərir. Müntəzəm siyasi təmaslar dövlət başçıları səviyyəsində aparılan danışıqların epizodik deyil, sistemli şəkildə davam etdiyini nümayiş etdirir. Bu isə ikitərəfli əməkdaşlığın yalnız siyasi bəyanatlar vasitəsilə deyil, institusional mexanizmlər - ikitərəfli komissiyalar, birlikdə təsdiqlənmiş fəaliyyət planları və hüquqi sazişlər əsasında həyata keçirildiyini təsdiqləyir.
Liderlərin müntəzəm görüşləri qərarların hüquqi ardıcıllığını təmin edir və razılaşdırılmış müddəaların icrasına nəzarət mexanizmlərinin formalaşmasına imkan verir. Bu yanaşma dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn əsas normalarından biri olan “pacta sunt servanda” - bağlanmış müqavilələrə əməl olunması prinsipinin praktiki tətbiqidir.
Siyasi dialoqun güclənməsi həm də regional proseslərin proqnozlaşdırıla bilməsinə, risklərin idarə olunmasına və strateji planlaşdırmanın effektivliyinin artmasına şərait yaradır. Diplomatik koordinasiya qərarların qəbulunu sürətləndirir, iki ölkə arasında qarşılıqlı maraqların uyğunlaşdırılmasını təmin edir və strateji tərəfdaşlığın hüquqi çərçivəsini möhkəmləndirir. Nəticədə əlaqələr qısamüddətli siyasi kurs deyil, uzunmüddətli və hüquqi öhdəliklərə əsaslanan əməkdaşlıq modelinə çevrilir.
Enerji təhlükəsizliyi və yaşıl enerji əməkdaşlığı
Qaradağ günəş stansiyası və BƏƏ ilə birgə həyata keçirilən digər bərpa olunan enerji layihələri iki ölkənin Paris İqlim Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərini praktik müstəviyə keçirdiyini göstərir. Bu layihələr karbohidrogen asılılığının tədricən azaldılması, enerji mənbələrinin diversifikasiyası və karbon emissiyalarının minimumlaşdırılması məqsədlərinə xidmət edir. Belə əməkdaşlıq enerji təhlükəsizliyi konsepsiyasının yeni mərhələyə - “yaşıl təhlükəsizlik modelinə” keçidini sürətləndirir. Bu model yalnız enerji istehsalının genişləndirilməsi deyil, həm də təchizat zəncirinin davamlılığının təmin edilməsi, enerji infrastrukturunun modernləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi ilə xarakterizə olunur.
Azərbaycan və BƏƏ arasında yaşıl enerji sahəsində əməkdaşlıq, həmçinin regional enerji inteqrasiyası üçün hüquqi baza yaradır. Elektrik enerjisinin ixrac marşrutlarının genişləndirilməsi, transsərhəd enerji şəbəkələrinin modernləşdirilməsi və “yaşıl enerji marşrutu” üzrə planlaşdırılan layihələr dövlətlərin enerji müstəqilliyini gücləndirir və beynəlxalq enerji bazarında rəqabət qabiliyyətini artırır. Nəticə etibarilə bu əməkdaşlıq yalnız iqtisadi fayda ilə məhdudlaşmır, o, qlobal iqlim öhdəliklərinin yerinə yetirilməsi, regional dayanıqlığın təmin olunması və hüquqi əsaslı enerji siyasətinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.
İqtisadi inteqrasiya
Ticarət dövriyyəsinin artımı, birgə investisiya fondlarının formalaşdırılması və biznes şuralarının fəaliyyətinin aktivləşməsi Azərbaycan və BƏƏ arasında iqtisadi münasibətlərin sistemli şəkildə genişləndirildiyini göstərir. Bu mexanizmlər təkcə kapital axınlarının həcmini artırmır, həm də iqtisadi əməkdaşlığın institusional dayanıqlığını təmin edir. Bu cür əməkdaşlıq isə beynəlxalq iqtisadi hüququn əsas prinsiplərinə - investisiyaların qorunması, iqtisadi fəaliyyət üçün bərabər imkanlar, mülkiyyət hüququnun toxunulmazlığı və qarşılıqlı faydalılıq normalarına uyğun qurulur. İkitərəfli investisiya razılaşmaları sərmayəçilərin hüquqi müdafiəsini gücləndirir, arbitraj mexanizmlərindən istifadəyə şərait yaradır və risklərin qarşısının alınması üçün normativ təminat formalaşdırır.
Biznes şuralarının fəallaşması özəl sektorun əməkdaşlıqda rolunu artırır, dövlətlərarası iqtisadi münasibətləri yalnız hökumətlərarası dialoq çərçivəsindən çıxarıb institusional tərəfdaşlığa çevirir. Bu yanaşma iqtisadi inteqrasiyanın davamlı xarakter almasına və ticarət dövriyyəsinin struktur baxımından diversifikasiyasına imkan yaradır. Nəticə etibarilə iqtisadi əlaqələrin genişlənməsi dövlətlərin rəqabətqabiliyyətini artırır, regional logistika zəncirlərinin gücləndirilməsinə şərait yaradır və uzunmüddətli iqtisadi əməkdaşlığın hüquqi təminatını möhkəmləndirir.
Humanitar və postmünaqişə dəstəyi
ANAMA-ya ayrılan maliyyə dəstəyi postmünaqişə mərhələsində mina və partlamamış sursatların təmizlənməsi prosesinin sürətləndirilməsinə xidmət edir. Bu fəaliyyət BMT-nin mina fəaliyyətinə dair beynəlxalq standartlarına və beynəlxalq humanitar hüququn əsas prinsiplərinə, o cümlədən “mülki əhalinin qorunması” və “müharibənin təsirlərinin minimumlaşdırılması” normalarına tam uyğundur. Mina təmizlənməsi yalnız təhlükəsizlik məsələsi deyil - bu proses post-münaqişə ərazilərində normal həyatın bərpası, məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtması və sosial-iqtisadi reinteqrasiya üçün zəruri ilkin şərtdir. Bu baxımdan BƏƏ tərəfindən göstərilən dəstək həm humanitar, həm də hüquqi baxımdan əhəmiyyətlidir.
Maliyyə yardımı bərpa proseslərinin institusional səviyyədə davam etdirilməsinə imkan yaradır, bu sahədə beynəlxalq əməkdaşlıq və donor mexanizmlərinin genişləndirilməsinə stimul verir. Humanitar dəstəyin göstərilməsi tərəflərin postmünaqişə siyasətinin beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirildiyini nümayiş etdirir və regionda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verir.
Mədəni inteqrasiya və liderlik amili
Təhsil, mədəniyyət və dil mübadiləsi proqramları xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə şərait yaradır. Ərəb dili auditoriyalarının açılması, ikitərəfli akademik protokolların imzalanması və mədəniyyət layihələrinin icrası iki ölkə arasında humanitar körpülər yaradır və “yumşaq güc” diplomatiyasının effektiv alətlərinə çevrilir. Bu istiqamət beynəlxalq münasibətlər sistemində mədəni integrasiya və sivilizasiyalararası dialoq modellərinin praktiki tətbiqini nümayiş etdirir.
Əbu-Dabi görüşü Azərbaycan - BƏƏ münasibətlərində tarixi dönüş nöqtəsi kimi çıxış edir. Səfər zamanı müzakirə edilən məsələlər və hüquqi bazanın möhkəmləndirilməsi təkcə ikitərəfli əməkdaşlığın dərinləşməsinə deyil, həm də regional təhlükəsizlik arxitekturasında yeni institusional mexanizmlərin formalaşmasına xidmət edir. Bu dinamikanın mərkəzində Prezident İlham Əliyevin sistemli, ardıcıl və strateji liderlik xətti dayanır. Onun siyasi kursu milli maraqların beynəlxalq hüquqa uyğun müdafiəsini, regional sabitliyin bərpasını və enerji təhlükəsizliyinin yeni parametrlər üzrə qurulmasını prioritetləşdirir. Dövlətimizin başçısının diplomatik fəallığı və siyasi uzaqgörənliyi Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin güclənməsinə real və davamlı əsas yaradır.
Azərbaycanın postmünaqişə dövründə sərgilədiyi konstruktiv mövqe, sülh təşəbbüslərinin irəli sürülməsi və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsi Prezident İlham Əliyevin liderliyi ilə formalaşmış xarici siyasət strategiyasının əyani ifadəsidir.
Bu gün Azərbaycanın regional güc mərkəzinə çevrilməsi, enerji diplomatiyasının transformasiyası, alternativ enerji marşrutlarının yaradılması və postmünaqişə bərpasının beynəlxalq humanitar hüquq prinsipləri çərçivəsində icrası Prezident İlham Əliyevin praqmatik, ardıcıl və qlobal müstəvidə düşünülmüş siyasətinin nəticəsidir. Liderlik institutunun bu modelində şəxsi siyasi iradə ilə milli dövlətçilik maraqları sintez olunur. Dövlətimizin başçısının geosiyasi reallıqları düzgün qiymətləndirməsi, diplomatik alətlərdən çevik istifadə etməsi və uzunmüddətli strateji hədəflərə yönəlmiş fəaliyyəti Azərbaycanın yeni beynəlxalq imicini formalaşdırır, ölkənin həm regional, həm də qlobal əməkdaşlıq proseslərində etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edir. Nəticə etibarilə Əbu-Dabi görüşü nəinki iki ölkə arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirir, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun davamlılığını və bu kursun regionda təhlükəsizlik, inkişaf və çoxtərəfli əməkdaşlıq üçün açdığı perspektivləri təsdiqləyir.