Advertisment

Bakıda tarixi binada aparılan qanunsuz işlər dayandırılıb

Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən yaşayış binasının daxili fasad hissəsində özbaşına artırma işləri ilə bağlı sosial şəbəkələrdən daxil olan müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən dekabrın 18-də ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.

Dövlət Şəhərsalma Komitəsindən AZƏRTAC-a bildirilib ki, baxış nəticəsində sözügedən ünvanda qanunsuz aparılan işlər Bakı Şəhər Icra Hakimiyyəti və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində dərhal dayandırılıb və yerli icra hakimiyyətinin iştirakı ilə axşam saatlarında söküntüsü tam başa çatdırılıb.

Qeyd olunub ki, həmin yaşayış binası ilə bağlı məsələ üzrə Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası tərəfindən müvafiq rəy verilmiş və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədilə aidiyyəti üzrə təqdimat göndərilib.