Çadırlardan çıxan gənclik…
2 Fevral – milli təqvimdə Gənclər Günüdür! – Bu tarix müstəqil dövlətimizin gəncliyə verdiyi səlahiyyətin və gəncliyin dövlət qarşısında götürdüyü öhdəliyin günü kimi də xarakterizə oluna bilər.
1996-cı il fevralın 2-də keçirilmiş Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumu və onun əsasında 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam gəncliyin statusunu qaldırdı. Yəni gənclik emosional kütlə yox, strateji resurs kimi tanınmış oldu; bu tanınmanı daha öncə Gənclər və İdman Nazirliyinin yaradılmasında da görmüşdük və I Forumdan sonra tamamən yeni səhifə - gənclər siyasətinin yeni üfüqləri açılmış oldu. I Forumun iştirakçıları – bu sətirlərin müəllifi də daxil olmaqla – bir həqiqətin şahidi oldular: Azərbaycan gəncliyi güclü müstəqil dövlətçiliyə xidmət edən konseptual layihəsinin ayrılmaz hissəsidir.
Bu status illərlə formalaşdı; amma son beş-altı ildə bu anlayış tamamilə yeni siyasi çəki qazandı. – Səbəbi gün kimi aydındır.
Azərbaycan gəncliyi artıq inkişaf dönəminin subyekti olmaqdan irəli – şanlı savaş və tam suverenlik mərhələsinin əsas dayağıdır.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə Gənclər Günü də öncəki mərhələdən çıxdı. Bəli, bu gün artıq gənclik “ümid” kateqoriyasında deyil; bəli, bu gün gənclik qərarverici faktordur.
Bax, bu gerçəkliyi qəbul etməyənlər hələ də regiona köhnə imperiya refleksləri ilə baxır; amma Azərbaycan gənci artıq savaşsonrası dönəmdən daha ötələrin, belə deyəj, post-imperial gerçəkliyin nümayəndəsidir. Məhz belə səciyyə və səviyyəni haqq etmiş gənclik silahla döyüşdü, informasiya müharibəsində dayandı, dövlət bayrağını öncə səngərdə, sonra beynəlxalq siyasi məkanda layiqincə daşıdı.
“Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar”. –
Ümummilli liderin bu sözləri Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə 2002-ci il dekabrın 8-də keçirilən şənlikdəki nitqindəndir. Şanlı Zəfərimizdən sonra, “Böyük Qayıdış”la öz yurd-yuvasına qayıdan gənclərimiz o sözlərin necə uzaqgörənliklə deyilməsinin parlaq isbatıdır.
Bu isə ata vəsiyyətini ləyaqətlə yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləridir:
“İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh”! – Prezident bu sözləri Şuşa şəhərindən Ümummilli liderin 100 illik əlamətdar yubileyi ilə bağlı ürək sözlərini bölüşərkən deyirdi.
Bu gün gənclərdən gözlənti dəyişib. Artıq gənclikdən təkcə dinamizm yox, dövlət intizamı; təkcə emosional vətənpərvərlik yox, geosiyasi ayıqlıq tələb olunur.
Çünki suverenlik torpağın azad edilməsindən başqa,
şüurun azad edilməsi, qərarvermənin milli mərkəzdə saxlanılması, xarici təsirlərə qarşı immunitetdir.
Qələbə qorunmursa, təkrarlanmaz. Zəfər institusionallaşmırsa, risk altına düşər. – Şanlı Azərbaycan gənci bu gerçəkləri dəqiq bilir.
Ona görə də gəncliyimiz dünən döyüş meydanında olduğu kimi, bu gün dövlət quruculuğunun, ictimai məsuliyyətin, ideoloji möhkəmliyin gəncliyidir. Bu gənclik ya suverenliyin qalxanı olacaq, ya da tarix onu keçəcək.
2 Fevral bu baxımdan bayram olmaqla birgə siyasi yaddaş günüdür. Dövlətin gəncliyə güvəndiyi və gəncliyin bu güvəni qanı, zəhməti, məsuliyyəti ilə doğrultduğu gün!
Azərbaycan gənci mədəni irsin qadir daşıyıcısı, bugünün mövqeyi, gələcəyin adıdır!
Gənclərimizin Günü mübarək olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI