Advertisment

Şəhid leytenant Elçin Əsgərovun doğum günü məzarı önündə anılıb

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Elçin Yalçın oğlu Əsgərovun doğum günü onun müqəddəs məzarı önündə dərin ehtiram və hörmətlə yad edilib.

Anım mərasimi dini icmanın sədrinin Qurani-Kərimdən ayələr oxuması ilə başlayıb. Oxunan dualarda Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna rəhmət dilənib, onların əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək şəhid leytenant Elçin Əsgərovun mənalı və şərəfli həyat yolundan, Vətənə və dövlətə sədaqətlə xidmətindən bəhs edib. Qeyd olunub ki, Elçin Əsgərov hələ gənc yaşlarından yüksək vətənpərvərlik ruhu ilə seçilib, hərbçi andına sadiq qalaraq üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib. Onun döyüş meydanında göstərdiyi igidlik və qətiyyət silahdaşları üçün əsl nümunə olub. Vurğulanıb ki, şəhidin timsalında Azərbaycan gəncliyinin Vətənə bağlılığı, torpaq sevgisi və sarsılmaz döyüş ruhu bir daha öz təsdiqini tapır.

Çıxışda bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün müqəddəs örnək olacaq. Şəhid valideynlərinin göstərdiyi böyük fədakarlıq xüsusi qeyd olunaraq, onların cəmiyyət üçün ən əziz və dəyərli insanlar olduğu vurğulanıb. Dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.

Həmçinin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən bəhs edilərək bildirilib ki, bu zəfər Azərbaycan Ordusunun qüdrətini, xalq–ordu birliyini və şəhidlərimizin qanı bahasına əldə olunan böyük Qələbənin əhəmiyyətini bütün dünyaya nümayiş etdirib.

Anım mərasiminin sonunda şəhidin məzarı önünə tər qərənfillər düzülüb, dualar oxunub. Tədbir iştirakçıların xatirə fotosu çəkdirməsi ilə başa çatıb.

Qeyd edək ki, şəhid leytenant Elçin Əsgərov 1997-ci il fevralın 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açıb. Elçin qısa, lakin mənalı ömrünə böyük bir Vətən sevgisi sığdırıb. O, adi bir ömür yaşamadı — xalqının taleyində iz qoyan, torpaq uğrunda yazılan bir ömür yaşadı.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan gün cəsur zabit ön cəbhəyə yollanıb. Cəbrayıl və Füzuli istiqamətlərində gedən ağır və qanlı döyüşlərdə Azərbaycan əsgərinin iradəsini, Azərbaycan zabitinin cəsarətini döyüş meydanında nümayiş etdirib. Elçin Əsgərov 25 oktyabr 2020-ci il tarixində Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə Vətən yolunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elçin Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun ən böyük mükafatı isə xalqının qəlbində yaşaması, azad edilən torpaqlarda dalğalanan üçrəngli bayrağımızdır.

Ruhun şad olsun, Vətən oğlu!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“ Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi