Advertisment

Şəhidimizin ad günü qeyd edilib

Naxçıvan Şəhərində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasında qəhrəmancasına canından keçən şəhid Rəcəbov Vaqif Yaqub oğlunun ad günü qeyd olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun, Daxili Qoşunların, Sərhəd Qoşunlarının əsgər və zabitləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Dövlət Universitetinin tələbə və müəllimləri, Naxçıvan şəhər məktəblərin müəllim və şagirdləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib.

İsmayıl Gülməmmədov qeyd edib ki, şəhid Rəcəbov Vaqif Yaqub oğlu 2009-cu ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlayıb, 2013-cü ildə Gəncə şəhərində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətini davam etdirib. Nümunəvi xidmətinə görə daxili işlər nazirinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Vaqif Rəcəbov 2023-cü ilin 20 sentyabr tarixində Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən Ağdərə rayonunun Vəngili kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Tədbirdə çıxış edən digər qonaqlar vurğuladı ki, bu gün hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin qəhrəmanlığı ilə qürur duyur, onların vətənpərvərliklərinin gələcək nəsillər üçün bir örnək olduğunu nümunə göstərirlər.

Sonda şagirdlər tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib, şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.

Bəxtiyar ƏLİYEV, 
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi