Kəngərli rayonunun Qabıllı kəndində Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış leytenant İbrahim Mustafa oğlu Əliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və kənd sakinləri iştirak ediblər.
Anım mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Mərasimdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid İbrahim Əliyevin şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs edib, şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını bildirib. Çıxışlarda dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb. Şəhid atası, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov və digər çıxış edənlər şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu qeyd ediblər. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidin və kənd qəbiristanlığında uyuyan digər şəhidlərin məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, dualar oxunub.
Qeyd edək ki, İbrahim Əliyev 17 fevral 1997-ci ildə Qabıllı kəndində anadan olub. Hərbi təhsil aldıqdan sonra tağım və bölük komandiri kimi xidmət edib, Türkiyədə ixtisasartırma kursu keçib. Vətən müharibəsinin ilk günlərindən kəşfiyyatçı kimi döyüşlərə qatılıb, Gülüstan dərəsi–İncəçay istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Dekabrın 7-də doğma kəndində torpağa tapşırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi