Advertisment

Aprel döyüşlərinin gecikmiş siyasi davamı? – Kremlə bir baxış

2016-cı ilin Aprel günlərində sadə bir həqiqət səslənirdi: Azərbaycan artıq gözləyən tərəf deyil: gözlətmirik də, gözləmirik də – haqqımız olanı edirik. 

Bəli, tarix bəzən güllə ilə, bəzən güllələrdən və güllərdən ötə bir həqiqətlə dəyişir.

Aprel döyüşləri – dörd gün çəkən bir hərbi əməliyyatdan daha üstün hadisə – 23 illik status-kvonun psixoloji, siyasi və hərbi baxımdan dağıdılması idi. O döyüşlərdə min hektarlarla geniş ərazi azad edildi, nəzarətə götürüldü və strateji yüksəkliklər geri qaytarıldı. Ən əsası – “məğlubedilməz erməni ordusu” hərbi, siyasi-ideoloji mifi darmadağın edildi. 

Həm cəbhədə, həm də beynəlxalq münasibətlər sistemində yeni koordinatlar yarandı.

 

Aprel döyüşləri Azərbaycan hərb tarixində bəzən mərhələ, bəzən məşq kimi incələnsə də, əslində, Aprel mərhələlərarası körpüdür; o döyüşlər genişmiqyaslı məşq deyil, Zəfərin qüvvətli başlanğıcı idi.

Bəli, 1994-cü ildən bəri donmuş münaqişə (daha doğrusu, müharibə) ilk dəfə gerçək hərbi nəticə ilə silkələndi. 

 

Aprel döyüşləri nəyi göstərdi? – Gəlin yada salaq:

-Azərbaycan artıq hərbi təşəbbüsə malikdir;

-siyasi iradə ilə hərbi güc sinxron işləyə bilir;

-gələcək Zəfər nəinki təsadüf sayılacaq, əksinə, məntiqi davam olacaqdır.

 

Və buyurun, 10 il sonra Kreml masasında köhnə düşüncə, yeni gerçəklik təzahür etdi. – Aprel döyüşlərinin 10-cu ildönümündə – Moskva masasında bölgəmiz yenidən müzakirə olundu.

Aprelin 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. 

Bu görüş, belə demək mümkünsə, iki fərqli zamanın toqquşmasıydı: biri – imperiya nostaljisi ilə yaşayan Kreml, digəri – gerçəkliyi qəbul etməyə məcbur qalan erməni hökuməti.

Putin keçmişin siyasi refleksi ilə danışırdı. Onun yanaşması hələ də “idarə olunan münaqişə” fəlsəfəsinə (fəlsəfə demək olarsa…) söykənirdi.

Putin üçün Qarabağ məsələsi – nə həll olunmalı problem, nə də bağlanmalı səhifədir; o, sadəcə, təsir alətidir.

“Amma ancaq və lakin” bu, Aprel döyüşlərindən öncə işləyərdi; Apreldən sonra – tarixi Zəfər etibarı ilə qətiyyən işləməz!

Çünki Aprel göstərdi ki, bölgədə təşəbbüs artıq Moskvanın əlində deyil. Zəfərimiz isə bunu tam təsdiqlədi.

 

Putinin idarə edə bilmədiyi prosesi saxlamaq istəyini görməkçün xüsusi diqqətə ehtiyac yoxdur; onun naxoş görünən yanaşmasının kökündə də məhz bu gerçəklik dayanır.

 

Paşinyan isə məcburi realizmin siyasəti peşindədir. O, artıq başqa bir mərhələdədir. Paşinyan istəsə də, istəməsə də – 4 günlük Aprel və 2020-ci ilin 44 günlük müharibəsi Ermənistan siyasətini köklü dəyişib.

Bugünkü Paşinyan müharibə ritorikasından daha çox “sülh” diskursuna meyllidir; içəridəki təzyiqlərlə dışarıdakı gerçəklər arasında vacib dəngə axtarır; Qarabağ məsələsində öncəki maksimalist mövqelərdən uzaqlaşmağa məcburdur.

Bu, “ağıllı siyasət”dən çox – “qaçılmaz siyasət” təsiri bağışlayır;

bununla belə yenə də – öncəki illərlə müqayisədə daha gerçəkçidir.

 

Aprel fonunda oxunan görüşə daha hansı qiymətləndirmələri edə bilərik? – Əgər Aprel Döyüşləri olmasaydı Paşinyan bu qədər realist olmazdı; Putin isə hələ də bölgəni tam nəzarətdə sayardı.

Deməli, Aprel cəbhədə olduğunca diplomatiyada da dönüş nöqtəsi sayılmağı haqq edir.

Kreml masasındakı həmin dialoq əslində Aprel döyüşlərinin gecikmiş siyasi davamıydımı?..

Elə ona görə deyirik, güc gerçəklik yaradır – bax, tarixin hökmü budur.

Siyasi arqumentlər yalnız güclə təsdiqlənəndə tarixə çevrilir. – Aprel döyüşlərinin bizə öyrətdiyi həqiqət bu deyilmi?..

Budur, 10 il sonra Azərbaycan qalib dövlət kimi danışır; fiziki olaraq olmadığımız masada belə, hünərimiz iştirak edir; erməni hökuməti gerçəkliklə barışmağa çalışır; Rusiya isə itirilmiş təsir zonasını qorumağa çalışır.

 

Aprel döyüşləri də, Dəmir Yumruq da bir koddur. O kodu açan hər kəs bölgənin gələcəyini anlamış olar. Apreldən on il sonrakı aprelin birinci günü Kreml masasında səslənən hər fikirin arxasında, sanki, Lələtəpənin məğrur duruşu dayanır. 

Lələtəpəli Lələ də, Xankəndili, Xocalılı Xoca da Bakıdır! Bakıdan başqa Bakı yoxdur!

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Əkbər QOŞALI