Almaniyada dizel yanacağının qiyməti artaraq, indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb.
Herbiand.az “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, dizelin ölkə üzrə gündəlik orta qiyməti ötən gün bir litr üçün 2,327 avro təşkil edib. Bu, 2022-ci ilin martında qeydə alınmış əvvəlki maksimumdan 0,6 sent yüksəkdir.
Eyni zamanda, “Superbenzin E10” markalı yanacağın qiyməti də artaraq bir litr üçün 2,129 avro təşkil edib və bununla da il ərzində ən yüksək səviyyəyə çatıb.
Qeyd edək ki, ötən gündən etibarən Almaniyada yanacaqdoldurma məntəqələrinə gün ərzində yalnız bir dəfə - saat 12:00-da yanacaq qiymətlərini artırmağa icazə verilir. Bundan əlavə, şirkətlər qiymət artımlarının əsaslandırılmış olduğunu sübut etməlidir. Federal hökumət bu addımın bazarda daha çox etibarlılıq və şəffaflıq yaradacağını gözləyir.
Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe dizel və digər yanacaq növləri ilə təminatın sabit qaldığını, kifayət qədər neft-qaz ehtiyatının olduğunu bildirib.