Advertisment

Nqa Kor Minq: Bakı müasir inkişafın və gələcəyin simvoluna çevrilib

Bakı qədim İpək Yolunun şəhəri olmaqla yanaşı, bu gün Xəzər sahilində müasir inkişafın və gələcəyin simvoluna çevrilib.

Herbiand.az xəbər verir ki, bunu Malayziyadan olan BMT-nin Məskunlaşma Assambleyasının Prezidenti Nqa Kor Minq Dünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində çıxışında deyib.

Nqa Kor Minq qeyd edib ki, WUF13 çərçivəsində keçirilən müzakirələr qlobal urbanizasiya və mənzil problemlərinin həlli baxımından xüsusi əhəmiyyət daşıyır: “Dünyanı mənzillə təmin etmək, təhlükəsiz və dayanıqlı şəhərlər qurmaq sadəcə, şüar deyil, təcili fəaliyyət çağırışıdır”.

O bildirib ki, BMT-nin Məskunlaşma Proqramının məlumatına əsasən, hazırda dünyada təxminən 2,9 milyard insan mənzil böhranından əziyyət çəkir və hər dörd nəfərdən biri qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.

Assambleya prezidenti vurğulayıb ki, WUF13 yalnız müzakirə platforması deyil, həm də “Yeni Şəhər Gündəliyi”nin həyata keçirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm imkan yaradır.

Onun sözlərinə görə, WUF13 çərçivəsində qəbul ediləcək hər qərar və qurulacaq hər tərəfdaşlıq daha dayanıqlı və inklüziv şəhərlərin formalaşmasına xidmət etməlidir.