Advertisment

Ümumdünya Şəhərsalma Forumu zəruri müzakirə platformasıdır

Kifayət qədər geniş əhatəli və peşəkar səviyyədə keçirilən Ümumdünya Şəhərsalma Forumuna (WUF13) təbiətin şıltaqlığı əngəl ola bilməzdi. Strateji hədəfləri olan bu toplantıdakı çıxışları izləməyə çalışdım. Təbii olaraq burada Azərbaycan öz zəngin tarixi memarlıq ənənələrini, müasir şəhərsalma ilə bağlı modern təcrübəsini təqdim edib. Digər tərəfdən dünyanın bir çox ölkələrindən gələn iştirakçılar, BMT-nin müxtəlif strukturlarının təmsilçiləri şəhərsalma ilə bağlı, ümumilikdə bu sahədə mövcud olan problemlər ətrafında çıxışlar ediblər.

Hazırda kəskin iqlim dəyişikliyindən, müharibələrdən və digər səbəblərdən insanların yaşayışı üçün ən zəruri olan yaşayış evləri, şəhərlər dağılıb. Yoxsul ölkələrdə, təbii fəlakətlərə daha çox məruz qalan bölgələrdə belə problemlər kəskin şəkildə ortalığa çıxır. Qənaətim belədir ki, WUF13- Bakı Forumu bu sahədə çox əhəmiyyətli müzakirə məkanı oldu.

Təbii ki, heç bir ölkə, o cümlədən Azərbaycan təbii fəlakətlərdən, iqlim dəyişikliyinin yaradacağı problemlərdən sığortalanmayıb. Amma ekspertlərin təklifləri, zəruri müzakirələr heç şübhəsiz ki, modern şəhərsalma prosesində, mövcud çətinliklərin həlli yollarının tapılmasında mühüm bazaya çevrilə bilər.

Toplantıda belə fikir dolaşır ki, gələcəkdə daha çox insan şəhərlərə üz tutacaq. Ola bilər Afrika cəngəlliklərində, dəhşətli yoxsul ölkələrdə belə hallar baş versin. Amma Azərbaycanda regionların sosial-iqtisadi prosesləri düzgün tənzimlənsə, yəni regional iqtisadiyyat inkişaf etsə, o zaman paytaxta üz tutanların sayı çox olmayacaq. Ona görə, urbanisaziya məsələsi diqqətdə saxlanılmalı və regional iqtisadiyyatın inkişafı hədəf olmalıdır. Çünki, iş yeri olan insan o səfalı təbiətdən uzaq düşüb paytaxta daimi yaşamaq üçün gəlməyəcək. Kompleks yanaşma tələb edən bu məsələr haqqında geniş danışmaq istəmirəm.

Nəhayət, bu gün bizi düşündürən Azərbaycanın şəhərsalma məsələsindəki mövcud problemlərin dərindən təhlil olunmasını, bu sahədə əhəmiyyətli addımların atılmasını və bu prosesdə ictimai nəzarətin təşkil edilməsinin zəruri olduğunu düşünürük.

Əkrəm Bəydəmirli