Advertisment

Özbəkistan Dəmir Yolları Azərbaycanın BTQ layihəsində xüsusi rol oynadığını bildirib

Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən illər əvvəl təməli qoyulan layihə bu gün Orta Dəhlizin inkişafında ən mühüm mərhələlərdən birinə çevrilib.

 

Herbiand.az xəbər verir ki, bunu “Özbəkistan Dəmir Yolları” sədrinin birinci müavini Hikmət Rəhmətov Axalkalakidə, Gürcüstan-Türkiyə sərhədində keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

 

“Bu gün Axalkalakidə baş verən hadisə Orta Dəhlizin inkişafında ən vacib hadisələrdən biridir. Burada konteyner daşımaları, vaqon yükləri, maye yüklər və müxtəlif növ məhsullar Asiyadan Avropaya ən sürətli şəkildə çatdırılacaq”, - Hikmət Rəhmətov vurğulayıb.

 

O, Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində xüsusi rol oynadığını bildirib: “Mən hesab edirəm ki, Azərbaycan burada ən əsas rollardan birinə sahibdir. 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin əsasını qoydu və bu gün artıq Gürcüstan-Türkiyə sərhədində ildə 5 milyon tona qədər yük aşırmaq imkanı yaranır”.

 

Onun sözlərinə görə, Özbəkistan hazırda Orta Dəhliz vasitəsilə böyük həcmdə yük ixrac edir və yeni infrastruktur yük dövriyyəsinin daha da artmasına imkan verəcək: “Biz öz ixrac və idxal yüklərimizi Özbəkistan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu ilə, həmçinin Qazaxıstan üzərindən həyata keçiririk. Bu dəhliz özbək biznesi və sahibkarları üçün strateji əhəmiyyət daşıyır”.

 

Rəhmətov qeyd edib ki, Orta Dəhlizin inkişafı region ölkələrinin liderləri tərəfindən də daim müzakirə olunur: “Liderlərimiz bu marşrutun inteqrasiyası, rəqəmsallaşdırılması və yükdaşımaların xərclərinin azaldılması istiqamətində mütəmadi müzakirələr aparırlar”.

 

O, Axalkalakidə qurulan yeni infrastrukturu da yüksək qiymətləndirib: “Bu gün burada yaradılan infrastruktura baxdım. Görünür ki, layihəyə böyük investisiya və insan resursu cəlb olunub”.

 

Özbəkistan rəsmisi əlavə edib ki, ölkəsi hazırda Çin–Qırğızıstan–Özbəkistan yeni dəmir yolu dəhlizi üzərində də işləyir və gələcəkdə həmin marşrutun Orta Dəhlizə inteqrasiyası nəzərdə tutulur.

 

Sonda Hikmət Rəhmətov Azərbaycanı yeni logistika imkanlarının istifadəyə verilməsi münasibətilə təbrik edib: “Dəmir yolları bu gün həm iqtisadiyyatın, həm də sosial inkişafın damarlarıdır”.