Nuru Paşaya yardım aparan, qırmızılar tərəfindən güllələnən Sarı Həsənoğlu
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə yaşamış və Qarabağda milli hökumətin güclənməsi yolunda böyük fədakarlıqlar göstərmiş görkəmli dövlət və ictimai xadimlərdən biri də Sarı Həsənoğludur. Şuşa qəzasının Quzanlı obası və ətraf kəndlərdə səlahiyyətli nümayəndə vəzifəsində çalışmış yüzbaşı Sarı Həsənoğlu 1870-ci ildə Şuşa qəzasının Sofulu kəndində dünyaya göz açmışdı. Sofulu kəndi Xaçın çayının yaxınlığında mövcud olub. Sovet dövründə həmin ərazidə kolxozun ferması, yem anbarları, silos quyuları yerləşirdi.
1950-ci illərdə kənd Quzanlıya birləşdirilib. Əhalisi də Quzanlıya köçürülüb. Yaşlı nəsildən eşitdiyimə görə Sofulu kəndinin məzarlığı da dağıdılmışdı. Hətta məhsul yğıldıqdan sonra sahədə qoyun otaran uşaqlar yerdən insan sümükləri, kəllələri taparmışlar.
Sarı Yüzbaşının övladları “Orta Quzanlı” adlanan bizim tirədə yurd salmışdılar…
Kənd ağsaqqallarının verdiyi məlumata görə, Sarı Həsənoğlu ortaboylu, tökmə bədənli, güclü əzələli qollara malik zəhmli bir kişi olub. Qocaqlığı və igidliyi ilə yaşıdlarından seçilən Sarı gənc yaşlarından dövlət qulluğuna irəli çəkilmiş, ərazi üzrə səlahiyyətli şəxs-Yüzbaşı olmuşdu.
Kəndin ixtiyar qocaları danışırdı ki, Sarı mahir ovçu, sərrast atıcı idi. Olduqca cəld, çevik bu adam məharətlə at çaparmış.
Azərbaycan Xalq Cümhuriyyəti yeni yarananda polis rəisi vəzifəsi mövcud deyildi. Çar dövründən qalma pristav, yüzbaşı vəzifələri saxlanılmışdı. Bölgələrdə indiki anlayışla ərazi üzrə sahə müvəkkili, eyni zamanda koxa vəzifəsini icra edirən yüzbaşılar qubernator, qəza rəisləri yanında fəaliyyət göstərir, rayon və qəsəbələrdə asayişi təmin edir, inzibati-polis funksiyaları yerinə yetirir, hökumətin qərarlarını icra edirdilər.
Yüzbaşının əsas vəzifəsi qəza və ya şəhərlərdə ictimai asayişi qorumaq və cinayətlərin qarşısını almaq idi. İstintaqa ilkin nəzarəti də onlar həyata keçirirdi. Onlar həmçinin yerli əhali yerli əhali ilə hökumət arasında inzibati əlaqəni təmin edir, fövqəladə hallarda hərbi və mülki strukturlarla birgə fəaliyyəti koordinasiya edirdi.
Yüzbaşılar cümhuriyyət ordusunun mükəlləfiyyətlisi olaraq həm də hərbi rütbə daşımaqla müharibə dövründə təhkim olunduqları bölgə üzrə yüz nəfərlik bölüklərə rəhbərliyi həyata keçirirdilər.
1918-ci ilin mayın 28-də Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. O vaxt Gəncədə olan Osmanlı ordusunun generalı Nuru Paşa milli hökumətlə bərabər ordu quruculuğu ilə məşğul idi. O vaxt Gəncə və Qarabağ mülkədarları Qafqaz İslam Ordusunun qurulmasına maddi və mənəvi yardımlarını əsirgəmirdilər. Şuşa qəzasının Quzanlı kəndindən və ətraf ərazilərdən toplanmış maddi yardımları, silah və sursatı Gəncəyə aparmaq Sarı Həsənoğluya həvalə edilmişdi. Sarı Həsənoğlu dəfələrlə Qarabağdan toplanmış yardımları Nuru Paşanın əsgərlərinə aparmışdı. Yolların qaçaq-quldurla dolu olduğu o qarışıq dövrdə silah-sursat, ərzaq yüklü arabaları paytaxta salamat çatdıran Sarı Yüzbaşı Gəncədə böyük hörmət qazanmışdı. 1920-ci ilin aprelin 27-də Xalq Cümhuriyyətini devirən və Azərbaycanı işğal edən XI Qızıl Ordu ölkədə qanlı qırğınlar həyata keçirir. Bir neçə ay ölkədə qırmızı terror rüzgarı əsir. AXC-yə xidmət etmiş, Qafqaz İslam Ordusuna yardımlar etmiş məmurlar, mülkədarlar məhv edilirlər. Bolşevik terroruna məruz qalanlardan biri də Sarı Həsənoğlu olur. Sarı Yüzbaşı 1920-ci ilin aprelində “sinfi düşmən” elan edilərək güllələnir. O zaman Gəncə ziyalıları bu böyük cümhuriyyət fədasinin nəşini AXC-nin ilk paytaxtı Gəncəyə aparıb orada dəfn etmək istəyirlər. Lakin doğmalarının xahişi ilə Sarı Həsənoğlu doğulduğu Sofulu kəndində torpağa tapşırılır.
Qeyd edək ki, Sarı Yüzbaşının məzarı Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində, Xaçın çayına gedən yolun üzərində, bir zamanlar mövcud olmuş Sofulu kəndinin girəcəyindədir. Sovet dönəmində caamatın “tək qəbir” adlandırdıqları məzar Quzanlı Ziyalıları Birliyinin təşəbbüsü və Sarı Həsənoğlunun nəticəsi Emin Həsənlinin şəxsi vəsaiti hesabına abadlaşdırılıb.
Sarı Yüzbaşının oğlu Həsən kişinin Quzanlıdakı evində indi Eminin qardaşı Babəkin ailəsi yaşayır. Emingil də bu evdə böyüyüb. Sevimli pedaqoqumuz Əlyar müəllimin ocağında.
Evi Həsən kişi tikmişdi-Sarı Yüzbaşının oğlu. Orta boylu, çevik, qüvvəli biri olan Həsən kişi kəndin xeyrinə-şərinə yarayan adam idi. Böyük Vətən Müharibəsində iştirak etmiş, sona qədər alman faşistlərinə qarşı vuruşmuşdu. Müharibədən sonra kənddə yaşayan, kolxozda işləyən, sadə həyat tərzi keçirən Həsən kişi təhsilə önəm verən adam idi. Övladlarını oxutmuşdu. Onlardan üçü müəllim idi, kənd məktəbində işləyirdilər. Qızı Sevda müəllimə uşaq birliyinə rəhbərlik edirdi. Digər qızı Zöhrə müəllimə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirdi. Oğlu Əlyar müəllim isə məktəbin təşkilati işlər üzrə direktor müavini idi. Bakıdakı Pedaqoji İnstitutu bitirmiş Əlyar müəllim çox mütailəli insan idi. Deyərdim ki, bir məktəbə, bir kəndə sığan insan deyildi. O dövrdə Bakıda və Moskvada çıxan əksər nüfuzlu, tirajlı qəzetlərə, elmi jurnallara abunə idi Əlyar müəllim. Bütün qəzetləri oxuyar və dünyada, ölkədə baş verən hadisələrin icmalını verərdi. Dünyada baş verən iqlim dəyişikliklərindən, kəşflərdən, elmi yeniliklərdən onun sayəsində xəbər tutardıq.
Quzanlının “Canəli Əkbərovu”
Evi Həsən kişi tikmişdi-Sarı Yüzbaşının oğlu. Orta boylu, çevik, qüvvəli biri olan Həsən kişi kəndin xeyrinə-şərinə yarayan adam idi. Böyük Vətən Müharibəsində iştirak etmiş, sona qədər alman faşistlərinə qarşı vuruşmuşdu. Müharibədən sonra kənddə yaşayan, kolxozda işləyən, sadə həyat tərzi keçirən Həsən kişi təhsilə önəm verən adam idi. Övladlarını oxutmuşdu. Onlardan üçü müəllim idi, kənd məktəbində işləyirdilər. Qızı Sevda müəllimə uşaq birliyinə rəhbərlik edirdi. Digər qızı Zöhrə müəllimə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirdi.

Oğlu Əlyar müəllim isə məktəbin təşkilati işlər üzrə direktor müavini idi. Bakıdakı Pedaqoji İnstitutu bitirmiş Əlyar müəllim çox mütailəli insan idi. Deyərdim ki, bir məktəbə, bir kəndə sığan insan deyildi. O dövrdə Bakıda və Moskvada çıxan əksər nüfuzlu, tirajlı qəzetlərə, elmi jurnallara abunə idi Əlyar müəllim. Bütün qəzetləri oxuyar və dünyada, ölkədə baş verən hadisələrin icmalını verərdi. Dünyada baş verən iqlim dəyişikliklərindən, kəşflərdən, elmi yeniliklərdən onun sayəsində xəbər tutardıq.
Futbolu gözəl bilir, bütün suallarımızı səbrlə cavablayırdı. Futboldan bəhs edən çoxlu soraq kitabları var idi Əlyar müəllimin. Arada oğlu Emin gətirirdi, birgə oxuyub qeydlər götürürdük. Qonşusu Qüdrət müəllim bu mənən zəngin insan haqqında danışmaqdan doymur:
“Əlyar müəllimlə yoldaşlığımız çox olub. Biz əsl dost, sirdaş idik. Çox humanist, insansevər, qayğıkeş insan idi. Dostluqda əvəzi yox idi. Həm də seçilən ziyalı, savadlı pedaqoq idi. Gözəl musiqi duyumu, məlahətli səsi vardı. Birdən ya onlara, ya da bizə yığışıb musiqi məclisi qurardıq. Arif kişinin oğlu Yusif də bizə qoşulurdu. Tar çalırdı o. Məclisimizin əsas siması isə təbii ki Əlyar müəllim olurdu. O, əksər muğamları incəliklərinə qədər bilirdi.
Əlyar müəllim Natəvanın “Dilbəra, dərdi-dilimdən belə ünvan etdim” qəzəlini çox yanıqlı oxuyardı:
Ya təbib adını tərk eylə təbabət etmə,
Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim,
Bu yerə çatanda kövrəlirdi.
Özü də xalq artisti, muğam ustadı Canəli Əkbərov tərzində üslubunda oxuyurdu. Öz aramızda ona “Canəli” deyirdik.
Orta məktəbin yuxarı siniflərində oxuyanda “Vaqif” dramından bir səhnəcik hazırlamışdıq. Səhnəciyin rejissoru, qrim ustası o idi, paltarları da o seçmişdi. Mətnləri də yazıb bizə əzbərlətmişdi. “Rast”ı da mənə öyrətmişdi. Səhnədə “Rast” oxudum, tamaşaçıların çox xoşuna gəldi”-deyir, Qüdrət müəllim.
Əlyar müəllim şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə çox önəm verirdi. Yoxlama üçün girdiyi bütün siniflərdə tarixi şəxsiyyətlərdən, günümüzün qəhrəmanlarından fərəhlə danışar, onları şagirdlərə sevdirərdi. Quzanlının məşhur şəxsiyyətləri, böyük nəsilləri haqqında həvəslə danışar, şagirdləri bilgiləndirərdi. Dövrün böyük şəxsiyyətləri olmuş Molla Məmmədalı, Axund Mehdi, Mirzə Saleh, Mehdi Yüzbaşı, Sarı Yüzbaşı haqqında ilk dəfə ondan eşitmişdim.
Fiziki imkanları məhdud olmasaydı, bəlkə də daha yüksək vəzifələrdə işləyərdi Əlyar müəllim. Buna onun intellektual potensialı, səlist nitqi və xarakteri imkan verirdi.
Babadan qalan miras

O ailəni bizə daha da doğmalaşdıran isə təbii ki, həmyaşıdımız Emin idi. İndi ölkənin tanınmış siyasi şərhçisi, ictimai-siyasi xadimidir Emin. Uşaqlığımız bir yerdə keçib onunla. 1980-ci illərin ortalarında qızğın futbol azarkeşi idik. O vaxt futbol üzrə SSRİ güclüllər dəstəsində Azərbaycanın bir cəmi bir klubu-“Neftçi” oynayırdı. Düzdür, Quzanlıda Tiflis “Dinamo”suna, “Dinamo” Kiyevə, Moskva “Spartak”ına azarkeşlik edənlər də vardı. Amma əksəriyyət “Neftçi” tərəfdarı idi. Sevimli klubumuzun qələbəsinə sevinər, məğlubiyyətinə kədərlənərdik. Oyundan sonra mütləq görüşər, fikirlərimizi bölüşərdik. İçində fırtınalar qaynayan enerjili, passionar insanlar belədir: uyğun mühit olmasa belə mütləq nədənsə danışar, müzakirə açar, başqalarından fərqlənərlər. O zaman yaşadığımız totalitar Sovet dövlətində siyasi diskussiyalara şərait, fərqli fikirlərə meydan yox idi. Siyasi sistemi tənqid etmək olmazdı. O dövrdə insanlar daha çox futboldan danışar, daşan enerjilərini bu cür xərcləyərdirlər. Yadımdadır Eminlə SSRİ çempionatlarında bizdən çox təmsil olunan Ukrayna və Gürcüstan futbolundan həsədlə danışar, mübahisə edər, Azərbaycanın futbolda geri qalmasının səbəblərini aydınlaşdırmağa çalışardıq. Əslində insanı o mübahisələr hazırlayır gələcəkdə görəcəyi böyük işlərə. Bir neçə ildən sonra ölkəni büsbütün dəyişən Qorbaçov islahatları başladı. Yenidənqurma və aşkarlıq mühitində susan hər kəs danışmaq imkanı qazandı.

Əlyar müəllimin ailəsində böyümüş Emin siyasi cəhətdən yaşıdlarından daha hazırlıqlı idi. 1988-ci ildə Qarabağda baş verənlər, Bakıda cərəyan edən olaylar barədə də ilk dəfə ondan eşidirdik xəbərləri. 1992-ci ildə ölkədə ilk dəfə tətbiq edilən test üsulu ilə mənim ali məktəblərə qəbul imtahanlarında uğur qazanmağım bəlkə də ən çox Emini sevindirmişdi. Çünki yenilikləri, demokratik azadlıqları ən çox kənddə o təbliğ edirdi. Kasıb ailədən çıxan, yuxarıda tanışı olmayan bir sadə, savadlı abituriyentin ali məktəbə daxil olması onun siyasi çıxışlarını daha da inandırıcı, təsirli edəcəkdi. Bir il sonra Emin də ali məktəbə daxil oldu. Onun bu uğurunda həyatdan vaxtsız getmiş anası Sevil müəllimənin çox böyük zəhməti var idi. Sevil xanım Eminin həm də ibtidai sinif müəllimi olmuş, ilk dəfə qələm tutmaq öyrətmişdi.
Kəndimizdə rayonun mərkəzindən gəlin köçmüş Sevil müəllimə ailəsinə bağlı və olduqca fədakar bir insan idi.
Emin 93-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuşdu. Bir il sonra imtahan verib paralel olaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olundu, qiyabi şöbədə oxudu. Tələbə vaxtlarından aktiv ictimai-siyasi fəaliyyətlə məşğul idi. 1998-2000 illərdə Silahlı Qüvvələrdə hərbi xidmət keçdi. Zabit kimi sərhəd bölgəsində çox uğurla xidmət etdi. Hərbi xidmətdən sonra keçmiş döyüşçü dostları ilə əlaqəni kəsmədi. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsini yüksəltmək, cəmiyyətdə silahlı qüvvələrə etimadı gücləndirmək məqsədi bir qrup veteran döyüşçü, ehtiyatda olan zabitlə birgə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyini yaratdı. 25 ildir Emin tərxis olunmuş zabitlərlə, cəmiyyətin ən həssas təbəqəsi olan qazi və şəhid ailələri ilə ünsiyyətdədir. Onların qayğıları ilə maraqlanır, müxtəlif problemlərinin həllinə yardımçı olur. Paralel olaraq jurnalist fəaliyyəti ilə məşğuldur, 2002-ci ildən “Hərbi And” qəzetinin rəhbəridir.
2005-ci ildə xaricdən idarə olunan güclərin təhriki ilə Azərbaycan Silahlı Qüvvələrinə qarşı qarayaxma kampaniyası güclənmişdi. Belə bir durumda Azərbaycan xalqının qüruru, güvənc yeri, dövlətçiliyimizin sarsılmaz dayağı olan Silahlı Qüvvələrimizi yalnız qoymaq olmazdı. O zaman Emin Həsənlinin təşəbbüsü ulə Silahlı Qüvvələrə ictimai diqqət və qayğının artırılması, ordu-media münasibətlərinin konstruktiv məcrada qurulması, cəmiyyətdə hərbi vətənpərvərlik təbliğatının gücləndirilməsi məqsədi ilə “Ordunun Dostları” Mətbuat Klubunu yaratdıq.
Klubun əsas məqsədi ordu quruculuğunu təbliğ etmək, Silahlı Qüvvələr haqqında mətbuatda gedən qərəzli yazıların qarşısının alınmasından ibarət olub. Bu məqsədlərə nail olmaq üçün mütəmadi olaraq jurnalistlərin hərbi hissələrə səfərləri təşkil edildi, cəbhə bölgəsində xidmət edən hərbçilərlə görüşlər keçirildi, ordu-media əlaqələrinin gücləndirilməsi üçün məqsədyönlü fəaliyyətlər gerçəkləşdirildi. 25 ildir ki, Emin Həsənlinin rəhbərlik etdiyi qəzet və digər qurumlar gənc nəsilin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müntəzəm iş aparır, şəhid və Q
qazilərimizin döyüş yolu, Silahlı Qüvvələrimizin inkişafı ardıcıl təbliğ edir.
Emin Böyük Zəfərlə nəticələnən Vətən Muharibəsində arxa cəbhədə fəallıq göstərdi, müvafiq qurumların, şirkətlərin yardımlarının döyüşən orduya çatdırılmasında aktiv rol oynadı, ədəbiyyat və incəsənət xadimlərinin əsgər və zabitlərimiz qarşısında çıxışlarının təşkilində, hərbçilərimizə mənəvi-psixoloji yardımlar göstərilməsində yaxından iştirak etdi. Tərtər, Ağdam, Füzuli, Xoçavənd, Şuşa Cəbrayıl və diğər azad edilimiş ərazilərdə döyüşçülərə maddi və mənəvi dəstək oldu.
Yeri gəlmişkən, bu gün Sarı Yüzbaşının və Həsən kişinin ocağının qorunu yaşadanlardan biri də Əlyar müəllimin kiçik oğlu Babək Həsənlidir.
Babək ömrünün 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətə həsr edib. Dəfələrlə döyüş əməliyyatlarına qatılıb. Vətən müharibəsinin qazisidir.
Bu gün siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olan Emin Həsənlinin elmi tədqiqatlarının əsas mövzularından biri də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bundan zərər çəkmiş vətəndaşlarla bağlı dövlət siyasətinin institusional əsaslarıdır.
Emin Həsənlinin keçdiyi həyat yolu, daşıdığı missiya təsadüf deyil. Şübhəsiz ki, bu gün qazandığı uğurların təməlində illərin gərgin əməyi, əzmi və iradəsi dayanır.
Lakin bu yolun daha dərin kökləri var. Bu yol rus işğalçıları tərəfindən güllələnsə də əqidəsindən dönməmiş cümhuriyyət sevdalısı Sarı Yüzbaşıdan qalan mənəvi mirasdır. Bu müqəddəs yol-Vətənə xidmət amalı nəsilləri bir-birinə bağlayan mənəvi körpüdür.

Sarı Yüzbaşı kimi əqidə sahibi insanlar dünyadan vaxtsız köçsələr də, onların saf niyyətləri, amalları bu gün də yaşayır. Bu gün böyük Vətən fədaisinin tarixi missiyasını nəticəsi Emin Həsənli davam etdirir. Kiminə babadan var-dövlət, imarət, mülk qalar, kiminə isə mənəvi xəzinə. Eminə babası Sarı Yüzbaşıdan qalan miras isə maddi ölçüyə sığmayan, qiymətsiz bir sərvətdir — Vətənə xidmət yoludur.
Emin Həsənli ömrünü Azərbaycan Ordusunun təbliğinə, müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin qayğılarının həllinə həsr etmiş insanlardandır. Onun bu xidməti layiqincə qiymətləndirilib. Emin Həsənli “Azərbaycan milli mətbuatının 150 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallarına layiq görülüb. Onun təltifləri arasında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, qardaş Türkiyənin yüksək hərbi təşkilatlarının medalları və mükafatları da var.
Yeri gəlmişkən, bu gün Sarı Yüzbaşının və Həsən kişinin ocağının qorunu yaşadanlardan biri də Əlyar müəllimin kiçik oğlu Babək Həsənlidir.
Babək ömrünün 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətə həsr edib. Dəfələrlə döyüş əməliyyatlarına qatılıb. Vətən müharibəsinin qazisidir.
Bu gün siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olan Emin Həsənlinin elmi tədqiqatlarının əsas mövzularından biri də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bundan zərər çəkmiş vətəndaşlarla bağlı dövlət siyasətinin institusional əsaslarıdır.
Emin Həsənlinin keçdiyi həyat yolu, daşıdığı missiya təsadüf deyil. Şübhəsiz ki, bu gün qazandığı uğurların təməlində illərin gərgin əməyi, əzmi və iradəsi dayanır.
Lakin bu yolun daha dərin kökləri var. Bu yol rus işğalçıları tərəfindən güllələnsə də əqidəsindən dönməmiş cümhuriyyət sevdalısı Sarı Yüzbaşıdan qalan mənəvi mirasdır. Bu müqəddəs yol-Vətənə xidmət amalı nəsilləri bir-birinə bağlayan mənəvi körpüdür.
Sarı Yüzbaşı kimi əqidə sahibi insanlar dünyadan vaxtsız köçsələr də, onların saf niyyətləri, amalları bu gün də yaşayır. Bu gün böyük Vətən fədaisinin tarixi missiyasını nəticəsi Emin Həsənli davam etdirir. Kiminə babadan var-dövlət, imarət, mülk qalar, kiminə isə mənəvi xəzinə. Eminə babası Sarı Yüzbaşıdan qalan miras isə maddi ölçüyə sığmayan, qiymətsiz bir sərvətdir — Vətənə xidmət yoludur.

Elman Cəfərli