Advertisment

Çexiya hərbi xidmət yaşında olan ukraynalı kişilər üçün müvəqqəti himayə qaydalarını sərtləşdirir

Çexiya avqustun 5-dən etibarən hərbi xidmət yaşında olan Ukrayna vətəndaşları üçün müvəqqəti himayə statusunun verilməsi qaydalarını dəyişir.

Məlumata görə, 23–60 yaş aralığında olan ukraynalı kişilər yalnız hərbi qeydiyyat vəzifələrini yerinə yetirdiklərini təsdiqlədikləri halda bu statusu əldə edə biləcəklər. Təsdiq "Reserve+" tətbiqi vasitəsilə təqdim edilməlidir.

Çexiyanın daxili işlər naziri Lubomír Metnár bildirib ki, yeni tələblər həm ilk dəfə edilən müraciətlərə, həm müvəqqəti himayə statusunun uzadılması üçün müraciətlərə, həm də ailələrin birləşdirilməsi çərçivəsində təqdim olunan ərizələrə şamil olunacaq.

Nazir qeyd edib ki, dəyişikliklər artıq Çexiyada müvəqqəti himayə statusu alan və bu statusunu fasiləsiz şəkildə qoruyan Ukrayna vətəndaşlarına tətbiq edilməyəcək.

Lubomír Metnárın sözlərinə görə, yeni qaydaların tətbiqi nəticəsində hərbi xidmət yaşında olan ukraynalı kişilərin ölkəyə gəlişinin təxminən 10 faiz azalacağı gözlənilir.

O əlavə edib ki, bu addım Çexiyanın səhiyyə və sosial təminat sistemlərinə düşən yükün azaldılmasına xidmət edəcək.