Advertisment

İtkin düşən alpinistlərin taleyi 34 il sonra məlum olub

1992-ci ildə İsveçrənin Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 il sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkarlanıb və DNT analizi ilə şəxsiyyətləri təsdiqlənib.

39 və 41 yaşlı alpinistlər 4 sentyabr 1992-ci ildə 4017 metr yüksəklikdəki Vaysmies zirvəsindən Almagellerhütteyə getmək üçün yola çıxıblar. Lakin əlverişsiz hava səbəbindən təyinat yerinə çata bilməyiblər. Axtarışlar zamanı yalnız onların çantası tapılıb.

İyul ayında Trift buzlağında turist tərəfindən insan qalıqları aşkarlanıb. Yaxınlıqda tapılan sənədlər onların 1992-ci ildə itkin düşən alpinistlərə aid ola biləcəyini göstərib. Ailələrdən götürülən DNT nümunələrinin analizi bu ehtimalı təsdiqləyib.

Beləliklə, iki alpinistin taleyi ilə bağlı 34 illik müəmmaya son qoyulub.

Mütəxəssislər Alp buzlaqlarının sürətlə əriməsinin uzun illər əvvəl itkin düşən şəxslərin qalıqlarının üzə çıxmasına səbəb olduğunu bildirirlər. Son illərdə buna bənzər hallar bölgədə dəfələrlə qeydə alınıb.