Şimali Afrikada yerləşən İspaniyanın muxtar şəhəri olan Seuta küçələrində təxminən 10.000 qanunsuz miqrant qalır.
Herbiand.az bildirir ki, yerli medianın məlumatına görə, cinayətkarlıq vəziyyətinin pisləşməsi fonunda təcili yardım xidmətlərinə edilən zənglərin sayı kəskin şəkildə artıb.
Milli Polis Həmkarlar İttifaqı ayrılan vəsaitlərin açıq-aşkar qeyri-kafi olduğunu bildirib və buna görə də şəhərdəki vəziyyət getdikcə qeyri-sabitləşir. Qanunsuz miqrantlar üç həftədən çoxdur ki, küçələrdə yaşayırlar və "gərginlik artır".
Məlumata görə, şəhər sakinləri qaranlıq düşəndən sonra evlərini tərk etməkdən qorxurlar, əksər istirahət müəssisələri isə bağlanıb. Mülki Qvardiya Həmkarlar İttifaqı qeyd edib ki, Mərakeşə deportasiyalar çox yavaş gedir, gündə 10-20 nəfər arasında, buna görə də "belə vəziyyət çox uzun müddət davam edə bilər".
Xatırladaq ki, iyulun sonunda 10 minlərlə qayda pozucusu şəhəri Mərakeşdən ayıran dalğaqırandan yan keçərək Seutaya üzüb və ya piyada gəlib. İspaniya hökuməti böhranla əlaqədar olaraq, şəhərdə asayişin qorunmasına kömək etmək üçün hərbi personal göndərib.
Bəxtiyar CƏFƏRLİ