Advertisment

Ağdamda son final-Şəhid kapitanımızın əziz xatirəsinə

Demək olar ki, hər həftə kütləvi informasiya vasitələrində bu cür xəbərlərlə rastlaşırıq. Ağdama daha bir neçə ailə köçdü.  Sosial şəbəkələrdə bir zaman Qarabağın ən qaynar şəhəri olan Ağdamın bərpa olunmasını əks etdirən foto, video materiallar yayılır. Şəhərdə artıq Ağdam İmarət Kompleksi, otellər, iaşə müəssilələri, Ağdam Konfrans Mərkəzi, neçə-ne,ə yaşayış və inzibati bina tikilib istifadəyə verilib. Bir sözlə, qaynar həyat Qarabağa, Ağdama qayıdır. Böyük qayıdış layihəsi çərçivəsində Ağdamda aparılan tikinti-quruculuq işləri, insanları doğma yurdlarına dönməsi adamda xoş hisslər oyadır. Amma yenidən qurulan Ağdamın görüntülərinə baxanda qəribə hisslər keçirirəm. Qeyri-ixtiyari olaraq qəlbimi kədər bürüyür…

Bu günlərdə xəbər oxudum ki, Qarabağ qazisi olan dostumun oğlu ibtidai təhsilə Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində başlayacaq. Yəni təhsil tədricən Ağdama qayıdır. Xəyalım məni 35 il öncəyə apardı. 1991-ci il idi. Quzanlı kənd orta məktəbinin 10-cu sinifində oxuyurduq. Məktəblilər arasında futbol üzər rayon birinciliyində iştirak etmiş, uğurlu çıxış edərək finala çıxmışdıq. Final 1 nömrəli məktəbin yaxınlığındakı Ağdam Uşaq Gənclər İdman Məktəbinin stadionunda keçirilirdi.

Komandamızı yarışlara Quzanlı kənd orta məktəbinin bədən tərbiyəsi müəllimi, SSRİ idman ustası Nazim Təhməzov hazırlamışdı. Yuxarı sinif şagirdlərindən təşkil olunmuş komandada qapını
Rafiq Məmmədov qoruyur, müdafiədə Hüseyn Allahverdiyev, Əkbər Abbasov, Vəli Səfərov, Rövşən Sadıqov, orta xəttdə Mehman Mustafayev, Eldəniz Cəfərov oynayırdı. Cinahlarda hücuma Eldəniz Cəfərov və Əkbər Məmmədov dəstək verirdi. Hücumda: sol cinah Elman Cəfərli, sağ cinah Fuad Verdiyev oynayırdı. Hücumun sivri ucunda-“9 nömrə”, 2 il sonra vətən torpaqları uğrunda müharibədə şəhid olmuş Natiq Rüstəmov idi. Maraqlıdır ki, Əliağalı məktəbinin komandası ilə keçirilən final oyununda bir gün öncə bərk soyuqladığından komandamızın lideri Natiq oynamadı. Lakin bütün ruhu ilə bizimlə idi, komanda yoldaşlarına dəstək verirdi. Komandamız finalda gözəl oyun nümayiş etdirdi. Oyunun əsas və əlavə vaxtı heç-heçə yekunlaşdı. Qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri təyin edildi. Qapıda Rafiq Məmmədov mükəmməl oynadı. Penaltilər seriyasında o, 2 penalti dəf etdi. Yekun nəticə Quzanlı komandasının xeyrinə oldu. Beləliklə Quzanlı kənd orta məktəbinin futbol komandası rayon birincisi oldu.
Həmin vaxt Qarabağda hərbi gərginlik hökm sürürdü. Artıq 3 il idi ki, erməni separatçıları Qarabağda antikonstitutsion hərəkata başlamışdılar. O zaman Ağdam şəhərində də gərginlik hiss olunurdu. Bölgədə rahat həyat artıq tarixə qovuşmuşdu. Hərbi hərəkətlilik o həddə idi ki, hətta oyun zamanı meydançaya helikopter endi. Oyun qısa müddətə dayandırıldı, sonra yenidən davam etdi...

Qeyd edim ki, Əliağalı komandası da məğlubiyyətlə barışmamışdı. Finaldan təxminən 10 gün sonra onlar Quzanlıya gəldilər, kəndin mərkəzi meydançasında yoldaşlıq oyunu baş tutdu. Finalda uğur qazana bilməmiş Əliağalı komandası yoldaşlıq oyununda 3-0 hesabı ilə qalib gəldi. Əlbəttə ki, hər iki oyunda dostluq qalib gəlmişdi.

İndi o günləri dumanlı xatırlayıram. Nə oyundan sonra gəzməyə çıxdığımız o küçələr var, nə də birgə qələbə toplarına sevindiyimiz komandamızın lideri, "böyük kapitan" Natiq.

Natiq Nadir oğlu 1974-cü il iyulun 20-də Ağdam rayonunun Quzanlı kənddində doğulmuşdu. Quzanlı kənd orta məktəbini 1991-ci ildə bitirdikdən sonra bir müddət Ağdam tikinti idarəsində fəhlə işlədi. O, uşaqlıqda idmana həvəs göstərirdi. Həyətlərində idman qurğuları düzəlmişdi. Daha çox həvəsi təbii ki, futbola idi. Kəndin stadionunda Natiqsiz oyun keçməzdi. Əsasən hücumda oynayan bu cüssəli, fiziki cəhətdən sağlam gəncin uzaqdan qapıya müdhiş zərbələri indiyə kimi yadımdadır. Orta məktəbi bitirəndən 1 il sonra-1992-ci il oktyabrın 6-da Natiq hərbi xidmətə çağırıldı. Ağdamın və Ağdərənin qorunmasında, kəndlərimizin düşmən işğalından azad olunmasında yaxından iştirak etdi. Ən ağır döyüşlərə qatıldı. Ağdərə döyüşlərinin birində Natiq yaralı dostu və sinif yoldaşı Səməd Qurbanovu döyüş meydanından çıxararkən snayper gülləsinə tuş gəlir. Həmin döyüşdə Quzanlı kəndi 3 şəhid vermişdi. Rafiq Hüseynov, Səməd Qurbanov və Natiq. Hər üçünün taleyindən bugünə qədər xəbər yoxdur.
35 il öncə Ağdamda oynanan son finalda qalib komandamızın kapitanı olmuş Natiqin yaşlı anası Nazlı xalanın gözləri hələ də yol çəkir. Erməni vandallarının başlatdığı amansız müharibə ondan uca boyunu oxşadığı yaraşıqlı oğlunu, bizdən isə bacarıqlı komanda yoldaşımızı aldı.

Yeri gəlmişkən, komandamızın digər üzvlərindən Vəli Səfərov, Hüseyn Allahverdiyev, Rövşən Sadıqov, Əkbər Məmmədov, Fuad Verdiyev də Birinci Qarabağ savaşında ən qaynar nöqtələrdə xidmət edib, döyüşlərə qatılıblar. Hüseynlə Vəli döyüşlərdə ağlr yara alıblar, ikisi də ikinci qrup Qarabağ müharibəsi əlilidir.

 

Elman Cəfərli