Advertisment

Şəhidin doğum günündə xatirəsinə həsr olunmuş “Əfsanəyə dönən ömür – Əli” kitabının təqdimatı keçirilib

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Şərur rayon Mədəniyyət Evində Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhid, baş leytenant Əliyev Əli Cavad oğlunun doğum günü münasibətilə onun xatirəsinə həsr olunmuş, “Şərq qapısı” qəzetinin humanitar-siyasət şöbəsinin müdiri Ramiyə Əkbərovanın qələmə aldığı

“Əfsanəyə dönən ömür – Əli” kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurani-Kərimdən ayələr oxunaraq dualar edilib.

 

Mərasimdə Şərur Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin idarə heyətinin üzvləri iştirak ediblər.

 

Çıxışlarda qəhrəman döyüşçünün şərəfli ömür və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1997-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olan Əli Əliyev ilk təhsilini doğma kəndində alıb, 2012–2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2019-cu ildə leytenant hərbi rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb və sonralar baş leytenant rütbəsinə yüksəlib.

 

Qeyd olunub ki, Əli Əliyev 2020-ci il Vətən müharibəsində Tərtər, Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsindən sonra da döyüş fəaliyyətini davam etdirən qəhrəman zabit 2022-ci ilin martında Fərrux kəndi istiqamətində keçirilən əməliyyatlarda iştirak edib. Həmin ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı keçirilən “Qisas” əməliyyatında 3099 yüksəkliyinin azad olunması uğrunda gedən döyüşdə kəşfiyyat qrupunun komandiri kimi qəhrəmancasına şəhid olub.

 

Şəhid Əli Əliyev göstərdiyi şücaətə görə sağlığında “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Cəsur döyüşçü” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Natiqlər Əli Əliyevin yüksək vətənpərvərlik duyğularından, Vətənə və dövlətə sədaqətindən, zabit şərəfini hər zaman uca tutmasından söz açıblar. Ölkəmizdə formalaşan xalq-ordu birliyinin əhəmiyyəti vurğulanıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edilib.

Anım mərasimində şəhid Əli Əliyevin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

 

Ardınca şəhidin valideynləri çıxış edərək kitabın müəllifi Ramiyə Əkbərovanı səhnəyə dəvət edib, Əlinin həyat və döyüş yolunun kitablaşdırılmasına, onun əziz xatirəsinin yaşadılmasına görə təşəkkürlərini bildiriblər.

 

Sonda yeni nəşr olunan kitab tədbir iştirakçılarına təqdim olunub və paylanılıb. Mərasim xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

 

Qeyd edək ki, müəllif kitabda şəhidin həyatının müxtəlif mərhələləri, ailə üzvləri, ona orta məktəbdə ilk dərs deyən müəllimi, döyüş yoldaşları, tabeliyində olan əsgər və çavuşlarla aparılan söhbətlər geniş şəkildə əksini tapıb.

 

Sadə bir zabit bioqrafiyasından daha artıq məna daşıyan nəşrdə hadisələrin xronologiyası ilə yanaşı, Əli Əliyevin şəxsiyyətinin formalaşması, ailə tərbiyəsi, müəllim zəhməti, hərbi təhsil, Vətən sevgisi və zabit şərəfinin yaratdığı bütöv şəxsiyyət diqqətə çatdırılıb.

Kitabın ən təsirli məqamlarından biri isə Əlinin hələ orta məktəbdə oxuyarkən yazdığı inşadakı fikirlərdir:“Elə yaşa ki, öləndən sonra da ölmə! Əgər Vətən üçün ölmək lazımdırsa, qoy bu şərəfli ölüm mənim nəsibim olsun.”

 

Bəxtiyar Əliyev

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi