Misirin Qalyubiyyə vilayətində yerləşən Təll əl-Yəhudiyyə arxeoloji ərazisində aparılan qazıntılar zamanı qayada müxtəlif memarlıq üslublarında oyulmuş qədim məzarlar aşkar edilib.
Herbiand.az xəbər verir ki, Misirin arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar zamanı, həmçinin məzarların üzərində yerləşən üst təbəqədə Roma dövrünə aid hərbi düşərgənin qalıqlarının tədqiqi davam etdirilib.
Misirdə Qədim Abidələr üzrə Ali Şuranın baş katibi Hişam əl-Leysi bildirib ki, yeni tapıntı bölgənin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Nil deltasında torpağın əsasən gilli olması səbəbindən qayaya oyulmuş məzarlara nadir hallarda rast gəlinir. Bu baxımdan aşkar edilən məzarlar Şərqi Deltada müxtəlif dövrlərdə dəfn adətlərinin və onların inkişafının öyrənilməsinə imkan yaradır.
Arxeoloji tapıntıların ilkin təhlili məzarların Yeni Padşahlıq dövrünün sonlarına aid olduğunu və onların sonrakı dövrlərdə də istifadə edildiyini göstərir. Bu isə ərazidə dəfn mərasimləri ilə bağlı fəaliyyətin bir neçə tarixi dövr ərzində davam etdiyini göstərir.
Ərazidə məzarların üzərində Roma hərbi düşərgəsinin qalıqlarının aşkarlanması isə Təll əl-Yəhudiyyənin müxtəlif tarixi mərhələlərdə istifadə edildiyini və bölgənin strateji əhəmiyyət daşıdığını təsdiqləyir.
Aşkar edilən məzarlar iki əsas memarlıq tipinə bölünür. Birinci tipdə pilləkən dəfn üçün istifadə olunan xüsusi yuvaların yerləşdiyi zala aparır. İkinci tip isə iki dəfn otağına çıxışı olan düzbucaqlı quyu formasındadır.
Mütəxəssislərin sözlərinə görə, bu tip məzarlar Nil deltasında nadir hesab olunur. Oxşar nümunələrə İsgəndəriyyədəki Kom əş-Şuqafa ərazisində və Aralıq dənizinin şimal sahillərində yerləşən bəzi bölgələrdə rast gəlinir.