Advertisment

“Məktəblilərin hicabı açmasında heç bir günah yoxdur”-İlahiyyatçıdan çağırış

Elm və Təhsil Nazirliyinin dərslərdə iştirak etməyən şagirdlərin attestat ala bilməyəcəyi ilə bağlı açıqlaması məktəblərdə vahid geyim forması ilə bağlı məsələni yenidən gündəmə gətirib.

Belə ki, vahid məktəbli geyimi tələblərinə etiraz edən və hicablı olduğu üçün dərslərə qatılmayan şagirdlərin təhsil hüququ ilə bağlı suallar yaranır. Bu vəziyyətdə valideynlərin övladlarından hicablarını açmağı tələb etməsi nə dərəcədə doğrudur?

Digər tərəfdən, məktəbli formasına uyğunlaşmaq məqsədilə şagirdin hicabını açması dini baxımdan günah sayılırmı?  

İlahiyyatçı Tural İrfan Herbiand.az-a açılqlamasında deyib ki, İslam dinində şəriət hökmlərinin çoxu doqmatik xarakter daşımır: “Yəni zamana və şəraitə görə dəyişə bilir. Yüngülləşmə halları, rüxsətlər var. Məsələn, ayaqüstə namaz qala bilməyən şəxs zərurət məqamında oturub qala bilər, oturub qala bilməyən uzanıb qala bilər. Su ilə dəstəmaz almaq imkanı olmayan, ala bilməyən torpaqla təyəmmüm edə bilər.

“Qurani-Kərim”in "Maidə" surəsinin doqquzuncu ayəsində buyurulur ki, donuz əti sizə haram edildi, ancaq məcburiyyət qarşısında qaldığınızda ondan yeyə bilərsiniz. Bu müqayisə ilə İslam hüquqşünasları bildirir ki, məcbur qaldıqda şəriət hökmləri qüvvəsini itirə və yaxud dəyişə bilər.

Hicab da həmçinin İslam hüququnda vacibdir. Ancaq elm də, təhsil də İslamda vacib sayılır. Bu iki vacib şərt toqquşduqda burada bir “zərurət məqamı” çıxış yolu kimi qeyd olunur. Bu da ondan ibarətdir ki, təhsil müəssisəsinə daxil olarkən şagirdlər, tələbələr hicabını aça bilər, qayıdıb çıxdıqda da yenidən bağlaya bilərlər. Burada heç bir problem yoxdur”.

İlahiyyatçı bildirib ki, cəfəri fiqhində hökmü əvvəl, yəni birinci dərəcəli hökmlər var.

“Tutaq ki, insan ayaqüstü namaz qılmalıdır. Bir də var hökmü sənəvi, yəni ikinci dərəcəli hökmlər. Bu da ondan ibarətdir ki, məcburiyyət qarşısında qaldıqda, səfərdə, minikdə, xəstə olduqda insan oturulu və yaxud da uzanıqlı namaz qala bilər.

Bu misalı ona görə çəkdim ki, hicab məsələsində də bu cürdür. Yəni hökmü əvvəl ondan ibarətdir ki, qadınlar hicab bağlamalıdır, çölə çıxarkən hicablı olmalıdır. Hökmü sənəvi, yəni ikinci dərəcəli hökmə görə, insan zərurət və məcburiyyət qarşısında qaldığı hallarda müəyyən istisnalar mümkündür.

Məsələn, həkim müayinəsi zamanı insanın başını açması tələb oluna bilər. Eyni zamanda, təhsil müəssisələrində dünyəvi qanun və qaydalar qüvvədə olduğundan təhsilini davam etdirmək istəyən şagird tələblərə əməl etmək məcburiyyətində qala bilər”.

İlahiyyatçı deyib ki, təhsil müəssisəsində təhsil aldığı ərəfədə xanımların hicabını açmasında heç bir qəbahət, günah yoxdur: “Əslində bu şəriətin hökmüdür. Bəzən insanlar elə düşünür ki, şəriət ancaq hökmlərə və məcburiyyətə imza atır.

Xeyr, bəzən bu zəruri halların özü də ki, şəriət hökmü hesab olunur. Bir nümunə deyə bilərik, tutaq ki, su içmək mübahdır. Amma şəriətə görə, əgər həkim tövsiyə edibsə içmə, yaxud özü də bilirsə ki, soyuq suyu içsə xəstəliyi şiddətlənə bilər, o suyu xəstənin içməsi artıq harama çevrilir.

Əgər şəriət təhsil müəssisəsində hicabın açılmasına icazə verirsə, buna baxmayaraq insanlar həmin qaydaya əməl etməyərək təhsildən yayınır və ölkədəki tolerantlıq mühitinə xələl gətirirlərsə, bu davranışın özü də harama və günaha səbəb ola biləcək amillərdən hesab edilə bilər”.

Məhəmməd Əliyev

Herbiand.az