Birinci Qarabağ müharibəsində torpaqlarımız uğrunda canından keçən igidlərimizdən biri də Rafiq Əşrəf oğlu Hüseynovdur.
Rafiq Hüseynov 1973-cü il fevralın 20-də Ağdam rayonunun Quzanlı kəndində dünyaya göz açıb.

Mühafizəkar, sadə bir ailə idi Hüseynovlar. Atası Əşrəf kişi kəndin sayılan asaqqallarından biri idi. Bu ailədə göz açan, böyüyən övladlara nizam-intizam, böyüyə hörmət, Vətənə və zəhmətə sevgi aşılanmışdı. Qardaşı ilə bağlı xatirələri çözələyən kiçik qardaşı Musa deyir ki, atası onlara qayda qoymuşdu: gün batanda hər kəs evdə olmalıdır. Bu despotik bir tərbiyə metodu deyildi. Sadəcə məktəbli yaşda yeniyetmələrə qoyulan çərçivələr idi. Məktəbli gün batandan sonra kənarda nə etməlidir ki? O saatlarda onun artıq başqa yerdə işi yoxdur. Məktəbdən, hazırlıq kursundan gəlib evdə dərslərini hazırlamalı idi.
Belə bir mühitdə böyüyən Rafiq sakit təbiəti, son dərəcə tərbiyəli və ədəbli davranışı ilə seçilirdi. Onun idmana olan xüsusi marağı isə uşaqlıq illərindən vardı. Musa deyir ki, Rafiq həyətdə idman qurğuları düzəltmiş, onda da məşqlərə maraq artırmışdı:

“O davakar deyildi. Amma mənə deyirdi ki, kişi sağlam olmalıdır ki, ona sataşanın cavabını verə, özünü qoruya bilsin. Turnikdə çox cəld idi. İdman dərslərində, hərbi oyunlarda birincilərdən olurdu, normativləri yüksək səviyyə ilə yerinə yetirirdi. Mənim himayəçim idi Rafiq. Dəfələrlə olub ki, özümdən yaşlılarla mübahisəm düşüb. Bir də görmüşəm ki, Rafiq yanımdadır. Heç zaman dava-dalaş salmazdı, məsələni sülhlə çözməyə çalışardı. Heç ağlıma gəlməzdi ki, belə bir adamın taleyinə qanlı-qadalı müharibə yazılıb”.
Səkkizillik kənd orta məktəbini bitirdikdən sonra Rafiq təhsilini Ağdam rayon Kənd Təsərrüfatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumunda (indiki Ağdam Dövlət Sosial-İqtisadi Kolleci-red) davam etdirir.
1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına çağırılan Rafiq daxili qoşunlarda xidmətə başlayır. Oxuduğu texnikumun diplomunu da ordu sıralarında olanda almışdı. Musa deyir ki, Bakıda daxili qoşunlarda xidmət edəndə hərbi hissədə qalmaq imkanı olsa da, bunu istəmirdi: “Deyirdi ki, Musa mən sakit şəhərdə xidmət edə bilmərəm. Qarabağda birinci biz olmalıyıq.
O, istəsəydi, xidmətini daha sakit şəraitdə, arxa cəbhədə də davam etdirə bilərdi. Amma onda vətənpərvərlik hissi, elə-obaya bağlılıq, milli təəssübkeşlik güclü idi. Yadımdadı, Ağdamda oxuyanda Qarabağın yuxarı kəndlərindən rayona pənah gətirən qaçqınların acı taleyi, yurdsuz-yuvasız qalan soydaşlarımızın fəryadı ona çox pis təsir etmişdi. Çox həssas insan idi. Erməni terrorçularının törətdiyi vəhşiliyə dözə bilmirdi”.

Qarabağa gəldikdən sonra Rafiq bir neçə dəfə Quzanlıya-doğma yurda baş çəkib, ailə üzvləri ilə görüşüb.
“Bir dəfə bədənində səpkilər yaranmışdı. Danışdırdım, dedi ki, günlərlə səngərdən çıxmırıq. Hər gün döyüş əməliyyatlarına qatılırıq. “Çimməyə vaxt olmur” deyirdi, amma mən bilirdim ki, o zaman orduda sanitar gigiyenik vəziyyət ürəkaçan deyildi”-deyir, Musa.
Rafiqin xidmət etdiyi hərbi hissədə son döyüşü Qoçaqot (indici Yayıcı) kəndi yaxınlğında olub.
Onları Ağdərəyə Ağdamdan aparmışdılar. 1 həftə keçməmiş hissə Qoçaqot-Drambon (indiki Yayıcı və Heyvalı kəndləri) yaxınlığında mövqe tutur. Fevralın 12-də şiddətli döyüş başlayır.
Həmin döyüşdə Quzanlıdan olan dostları Səməd Qurbanov və Natiq Rüstəmov da var imiş. Bütün döyüşlərdə öndə gedən Rafiq çayın kənarında düşmən gülləsinə tuş gəlir. Səməd köməksiz qalan dostunu xilas etmək üçün irəli atılır. Rafiqin yanına çatanda düşmən snayperi Səmədi vurur... Bunu görən Natiq onlara doğru gedir. Bu zaman xain gülləsi Natiqə dəyir. Həmin döyüş hər üç dost üçün son əməliyyat olur. İndiyə qədər Quzanlı kəndinin 3 igid oğlu haqqında dəqiq məlumat yoxdur…

Musa qardaşının şəhid xəbərini belə xatırlayır: “Evdə idik. Hava çox soyuq idi, qar yağırdı, hava çox soyuq idi. Atam evə qanıqara gəldi. Soruşduq ki, nə baş verib, niyə fikirlisən. Kövrəlib dedi ki, dedi ki, Ağdərədə uşaqları qırıblar. Bu söz hələ də qulaqlarımda uğuldayır”. Qəhərdən danışa bilmir Musa. Qardaş itkisi ağırdır, üstündən 34 il keçsə də, unuda bilmir o günləri. Amma onun qəlbində kədərdən daha güclü bir duyğu – nikbinlik və gələcəyə inam yaşayır. Çünki bu gün Vətən torpaqları azaddır, illərlə həsrətində olduğumuz yurd yerləri yenidən öz sahibinə qovuşub. Rafiq yoxdu, amma həm ata yurdunda, həm də dogma eldə obada neçə-neçə Rafiqlər, natiqlə, səmədlər doğulub, böyüyüb. Musanın öz oğlu Rəşad da Qarabağ qazisidir. 44 günlük müharibənin iştirakçısıdır. Əmisinin yolunu davam etdirən qəhrəman göstərdiyi igidliyə görə dövlətin ali təltiflərinə layiq görülüb.
Şəhid əmisinin yolunu ləyaqtlə davam etdirən Rəşad bu gün xalqımızın başını uca edən qürurlu gənclərimizin parlaq simvoludur.
Elman Cəfərli