Xəzər dənizində su səviyyəsinin azalması son illər regionun qarşılaşdığı ən ciddi ekoloji problemlərdən biridir. Dənizin çəkilməsi yalnız sahil xəttinin dəyişməsi deyil, həm də təbii ekosistemlərin pozulması, biomüxtəlifliyin azalması və milyonlarla insanın həyatına təsir edə biləcək prosesdir.
Bu təhlükə Xəzəryanı ölkələrin iqtisadiyyatına, gəmiçilik və balıqçılıq sektoruna, eləcə də sahilboyu yaşayış məntəqələrinin gələcəyinə ciddi təsir göstərir. Xəzərin qurumasının qarşısını almaq, su səviyyəsini qorumaq və unikal ekosistemini gələcək nəsillərə çatdırmaq üçün hansı təxirəsalınmaz tədbirlər görülməlidir?
“Ekorise" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Herbiand.az-a açıqlamasında deyib ki, Xəzər dənizində su səviyyəsinin azalması təkcə ekoloji deyil, həm də iqtisadi, sosial və regional təhlükəsizlik baxımından ciddi problemlər yarada bilər.

Onun sözlərinə görə, Xəzər dənizində su səviyyəsinin azalması su bitkilərinin inkişafına, dəniz canlılarının təbii yaşayış mühitinə və bütövlükdə ekosistemin tarazlığına mənfi təsir göstərir: “İlk növbədə, dənizin dayazlaşması sahilboyu ərazilərin qurumasına, bataqlıq və su-bataqlıq ekosistemlərinin məhv olmasına, biomüxtəlifliyin azalmasına səbəb ola bilər.
Suyun çəkilməsi nəticəsində balıqların, xüsusilə nərə balıqlarının kürüləmə və qidalanma mühitləri daralır, suitilərin və köçəri quşların təbii yaşayış arealları təhlükə altına düşür. Digər mühüm problem Xəzərin dibində və sahilyanı ərazilərdə toplanmış çirkləndirici maddələrin qurumuş torpaqlardan külək vasitəsilə ətrafa yayılması, bunun isə insan sağlamlığına və kənd təsərrüfatına mənfi təsir göstərməsidir.
Eyni zamanda, limanların fəaliyyətinin çətinləşməsi, gəmiçilik marşrutlarının dəyişməsi, balıqçılığın zəifləməsi və sahil infrastrukturuna əlavə xərclərin yaranması gözlənilən risklər sırasındadır”.
M.Musayev deyib ki, Xəzərin səviyyəsinin bərpası üçün ilk növbədə onun su balansına təsir edən amillər kompleks şəkildə araşdırılmalı, Volqa və digər əsas çaylardan dənizə daxil olan su axınının qorunması istiqamətində sahilyanı ölkələrlə razılaşdırılmış tədbirlər görülməlidir. “Xəzərin səviyyəsini süni şəkildə artırmaq üçün böyük həcmdə suyun başqa hövzələrdən köçürülməsi kimi layihələr isə ciddi ekoloji, iqtisadi və texniki qiymətləndirmədən sonra nəzərdən keçirilməlidir.
Əsas diqqət iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, çay sularından səmərəli istifadəyə, su itkilərinin qarşısının alınmasına və hövzədə ekoloji su axınının təmin edilməsinə yönəldilməlidir. Eyni zamanda, Xəzərin beş sahilyanı dövləti arasında vahid monitorinq sistemi yaradılmalı, çirklənmənin qarşısı alınmalı, balıq ehtiyatları və suitilərin yaşayış mühitləri xüsusi mühafizə olunmalıdır”-deyə, o, bildirib.
Ekoloq alim sonda ictimaiyyətə çağırış edib: “Xəzər dənizi bizi qida ilə təmin edən, iqtisadi rifahımıza töhfə verən, təbiətimizə gözəllik qatan və ətraf mühitin sağlamlığında mühüm rol oynayan əvəzsiz sərvətimizdir. Təəssüf ki, biz bəzən Xəzərin bizə verdiyi nemətlərin qədrini bilmir, məişət və sənaye tullantılarını, çirkab sularını dənizə axıtmaqla onun ekosisteminə ciddi zərər vururuq.
Bu su hövzəsi göz görə görə məhv olur. Hər bir vətəndaş, xüsusilə qanunsuz kanalizasiya xətləri çəkən ev sahibləri və tullantı sularını təmizləmədən dənizə axıdan iaşə obyektlərinin rəhbərləri öz məsuliyyətlərini dərk etməlidirlər.
Xəzərin və sahil zolağının çirkləndirilməsinə qarşı mübarizə aparmalı, mütəmadi ekoloji aksiyalar təşkil etməli və ictimai nəzarəti gücləndirməliyik. Unutmamalıyıq ki, Xəzər təkcə bu günün deyil, gələcək nəsillərin də təbii sərvətidir və onun bioloji resurslarını qorumaq bizim borcumuzdur.
Biz bu sərvətləri yalnız özümüz üçün istifadə edib tükətməməli, gələcək nəsillərə də sağlam, təmiz və yaşana bilən Xəzər miras qoymalıyıq”.
Aydın