İranda uzun müddətdir davam edən siyasi, iqtisadi və sosial böhran ölkənin gələcək idarəçilik modeli ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Xüsusilə mərkəzi hakimiyyətin mümkün zəifləməsi fonunda çoxmillətli İranın daxili siyasi balansının necə dəyişəcəyi diqqət mərkəzinə çevrilir. Ölkədə yaşayan azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər və digər etnik qrupların milli-mədəni hüquqları və siyasi tələbləri belə bir ssenaridə xüsusi əhəmiyyət kəsb edə bilər. Mümkün hakimiyyət dəyişikliyi bu xalqların siyasi fəallığının artmasına, mərkəzdənqaçma meyillərinin güclənməsinə və ya yeni idarəçilik modelinin formalaşmasına yol aça bilərmi? İranı gələcəkdə hansı ssenari gözləyir və ölkənin ərazi bütövlüyü hansı amillərdən asılı olacaq?

Politoloq Elxan Şahinoğlu Herbiand.az-a açıqlamasında İranda mövcud siyasi vəziyyəti, SEPAH-ın hakimiyyət sistemindəki rolunu, eləcə də ölkədə yaşayan etnik qrupların milli-mədəni və siyasi hüquqlarının mövcud durumunu şərh edib.
O qeyd edib ki, İranda hakimiyyət faktiki olaraq SEPAH-ın nəzarətindədir və ölkədə əhalinin sosial problemlərlə bağlı etirazları sərt şəkildə yatırılır: “Ötən ilin dekabrında insanlar həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə küçələrə çıxsa da, güc tətbiqi ilə üzləşdilər. İranda yaşayan müxtəlif etnik qrupların, o cümlədən azərbaycanlıların hüquqları ilə bağlı ciddi problemlər mövcuddur. İranda müxtəlif etnik qruplar yaşayır və bu etnik qrupların da haqları tapdanır, qorunmur. Məsələn, azərbaycanlılar, öz ana dillərində təhsil ala bilmirlər, öz övladlarına Azərbaycan adları qoya bilmirlər. Yəni, bunlar hamısı problemlərdir.
Hələ ki etnik zəmində İranda elə bir çaxnaşma yoxdur. Amma əgər İran rejiminin siyasətində ciddi bir dəyişiklik baş verməsə, İranda yaşayan etnik qrupların öz haqları uğrunda mübarizəsi də başlaya bilər”.
Siyasi şərhçi hesab edir ki, qonşu dövlətlər İranda gərginliyin artmasında maraqlı deyillər. Lakin onun fikrincə, ilk növbədə İran hakimiyyəti mövcud vəziyyəti düzgün qiymətləndirməli, etnik qruplara qarşı təzyiq siyasətindən imtina etməli və digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinməlidir.
Elxan Şahinoğlu əlavə edib ki, İran Azərbaycanın daxili işlərinə müdaxilə etdikdə, Azərbaycan da İranda yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini gündəmə gətirmək hüququna malikdir.
Yunis İsrəfilov