“Vətən müharibəsi xalqımızın son 200 ildə qazandığı ən möhtəşəm qələbələrdən biridir”. Bu sözləri Herbiand.az-a açıqlamasında diaspora üzrə araşdırmaçı ekspert Elnur Eltürk bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsi həm də Azərbaycanın 30 il ərzində tapdalanan hüquqlarının bərpası ilə əlamətdardır.
İllər ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi dəqiq və düşünülmüş siyasət Qarabağın azadlığına yol açan əsas amillərdən biri olub:
“Bu amilə xüsusi diqqət yetirilməlidir. Əvvəllər beynəlxalq səviyyədə Azərbaycana müharibədən çəkinməsi üçün təzyiqlər göstərilirdi. Lakin Prezident İlham Əliyev səbirli və məqsədyönlü siyasəti nəticəsində beynəlxalq ictimaiyyəti Ermənistanın regionda işğalçılıq siyasəti apardığına inandıra bildi”.
Elnur Eltürk qeyd edib ki, Azərbaycan qələbə qazanmaqla, eyni zamanda, xalqımızın üzərindəki ləkəni də təmizlədi: “Təcavüzkar Ermənistanın cəzalandırılması ilə yanaşı, Qarabağda 30 il davam edən ədalətsizliyə də son qoyuldu. Üstəlik, erməni lobbisinin 100 ildən artıq müddətdə apardığı təbliğat alt-üst oldu.
Vətən müharibəsi regiondakı vəziyyəti tamamilə dəyişdi. Regionun əsas söz sahibi Azərbaycan oldu. Dünya birliyi Azərbaycanla hesablaşmağa başladı”, – deyə Elnur Eltürk vurğulayıb.
Məhəmməd Əliyev