Azərbaycanda dindarların bir qisminin İranın ali dini lideri Əli Xamneyiyə, digər qisminin isə İraqın böyük ayətullahı Əli Sistaniyə təqlid etməsi dini müstəqillik və milli dini kadrların yetişdirilməsi məsələsini yenidən gündəmə gətirir. Qum və Nəcəf dini mərkəzlərinin Azərbaycan dindarlarının dini dünyagörüşünə təsiri, eləcə də təqlid ənənəsinin tarixi kökləri cəmiyyətdə müzakirə olunan mövzulardandır. Bəs Qafqazın dini ənənələrində təqlid institutu hansı yerə malikdir və bu gün Azərbaycan cəmiyyətində necə qəbul olunur?

İlahiyyatçı Tural İrfan Herbiand.az-a açıqlamasında bildirib ki, ilk növbədə, təqlidçilik məsələsinə İslamın əsas mənbələri kontekstində yanaşmaq lazımdır. Onun sözlərinə görə, Qurana əsasən, hər bir insan öz ağlı, düşüncəsi və məntiqi ilə qərar verməli, məsələlərə şüurlu şəkildə yanaşmalıdır.
“Düşdüyü zaman və mühitə görə şübhəsiz ki, dini alimlərinin rəylərinə də baxmalıdır, ancaq əsas onun təqlid etdiyi mənbə Qurani-Kərim olmalıdır. Çünki müxtəlif ölkələrdə yerləşən müştəhidlər, alimlər əsasən öz ölkələrinin siyasi mövqelərinə uyğun qərarlar verirlər. Necə ki, biz bunu İran, İraq da daxil olmaqla, digər ölkələrdə də müşahidə edirik.
Ona görə İslam aləmində birinci Quran, peyğəmbərin həyat və fəaliyyəti nümunə götürülməlidir. Ondan sonrakı məsələlərdə həmin ölkənin öz daxilindəki din alimləri söz sahibidir. Çünki o alimlər həmin ölkədə yaşayırlar, ehtiyacları, tələbləri, inanclı şəxslərin durumunu daha gözəl anlayırlar və qəbul edirlər. Bunun üçün də heç bir ayətullahlıq institutuna ehtiyac yoxdur. "Mərcəi-təqlid" doktrinasını farslar yaradıb. Bu fars şüubiyyəsinin dövlətçilik prinsipi olaraq bir ideoloji təbliğat vasitəsi olaraq müsəlmanları parçalayib öz tərəflərinə çəkməkdən ötrü uydurulmuş bir siyasi doktrinadır. Yəni İslamda belə bir institut, belə bir təbəqə yoxdur. Bu bir növ hind brahmanları kimi, yəni başqa əcnəbi dinlərdən kənar, qeyri-islami ənənələrdən gəlmə bir prinsiplərdir. İslam dinində Allah, peyğəmbər, ondan sonra da, deyək ki, din alimləri gəlir”.
Tural İrfan deyib ki, bəzilərinin təqlid etdiyi Sistani İran əsilli bir din ruhanilərindən biridir və ona təqlid mənəvi boşluqlardan yaranma bir şeydir: “Məsələn, müxtəlif ərəb ölkələri var ki, orda insanlar İran müştəhidlərinə və yaxud da ki İraqdakı Sistaniyə təqlid etmirlər. Onlar öz ölkələrindəki fətva qurumunun, alimlər şuralarının qərarlarına tabedirlər. Hesab edirəm ki, bu boşluq Azərbaycanda bizim dini idarənin zəifliyindən irəli gəlir”.
İlahiyyatçı deyib ki, bu cür yad təsirlərin qarşısını almaqdan ötrü ölkənin din alimləri şurası yaradılmalıdır: “Qazılar şurası aktivləşməlidir. İndiki qazılar şurası formaldır. Ölkəmizin dini idarəsi aktivləşməli, güclənməlidir. Məsələn, dünyada müsəlman ölkələrinin müftilər şurası, alimlər şurası var ki, onların keçirdiyi konfranslar, verdiyi qərarlar, bəyanatlar çox əhəmiyyətli dərəcədə təsir qoyur dünyada və bir örnək olur. Məsələn, Omanda müfti və alimlər şurası fəaliyyət göstərir. Bu qurumlar dini tolerantlığın, məzhəblərarası vəhdətin qorunması, təqlidçilik məsələsinə yanaşma, eləcə də İslamın ağıl, məntiq və müasir dövrün tələbləri kontekstində şərhi ilə bağlı müvafiq qərarlar qəbul edirlər. İordaniyada bu istiqamətdə müxtəlif tədbirlər keçirilir və alimlər şurası fəaliyyət göstərir. Orta Asiya ölkələrində, o cümlədən Özbəkistan və Qazaxıstanda da dini məsələlərlə bağlı fəaliyyət göstərən alimlər şuraları mövcuddur. Türkiyədə də bu sahədə müvafiq dini qurumlar fəaliyyət göstərir. Düzdür, son dövrlərdə bu qurumların ictimai nüfuzunda müəyyən zəifləmə müşahidə olunsa da, onlar dini məsələlərin müzakirəsi və şərhi baxımından əhəmiyyətli rol oynayırlar.
Müəyyən şəriət hökmlərinin verilməsinə ehtiyac yarandıqda alimlər bir araya gələrək dəlillərə əsaslanan, əsaslandırılmış və insanların qəbul edə biləcəyi dolğun fətvalar təqdim etmirlər. Nəticədə dini sahədə boşluq yaranır. Belə bir vəziyyət isə inanclı insanların İran ayətullahlarının və ərəb şeyxlərinin təsir dairəsinə düşməsinə şərait yaradır. Sanki bu boşluq bilərəkdən yaradılır və insanlar öz dini suallarına cavab tapmaq üçün xarici dini mərkəzlərə üz tutmağa məcbur qalırlar. Ona görə də cəmiyyət tərəfindən qəbul edilən, mütədil və obyektiv mövqeyi ilə seçilən din alimlərinin və digər mütəxəssislərin iştirakı ilə müvafiq qurumun yaradılmasına ehtiyac var. Bu qurumda AMEA-nın Şərqşünaslıq İnstitutunun peşəkar mütəxəssisləri ilə yanaşı, müxtəlif sahələr üzrə ixtisaslaşmış alimlər də təmsil oluna bilərlər. Belə bir təsisatın adını Alimlər Şurası, Qazılar Şurası və ya Müftilər Şurası qoymaq mümkündür”.
Tural İrfanın sözlərinə görə, indi elə bir mənzərə yaranıb ki, insanlara ayətullahlıq institutuna təqlidin zəruri olduğu, hətta bunun dinin vacib şərtlərindən biri sayıldığı təlqin edilir. “Sanki insan mütləq ya İrandakı ayətullahlardan birinə, ya da Xamneyiyə təqlid etməlidir. Bu fikir bəzi inanclı insanların şüurunda o qədər möhkəmlənib ki, az qala Qurandan da əvvəl gələn dini bir vacibat kimi təqdim olunur. Fikrimcə, burada dini məsələlərlə yanaşı, ciddi siyasi məqamlar da var. Təəssüf ki, ənənəvi İslamın və Qafqazın özünəməxsus dini irsinin arxa plana keçdiyi, qərib qaldığı bir mənzərə ilə qarşılaşırıq. İranın siyasi-ideoloji yanaşmalarının, o cümlədən şüubiyyə ilə əlaqələndirilən baxışların dini dəyərlər kimi təqdim olunması isə cəmiyyətdə bu məsələlərin mahiyyətinin yenidən araşdırılmasını zəruri edir”.
Məhəmməd Əliyev