Advertisment

"Mətbuat Şurasının yeni seçiləcək İdarə Heyəti dövrün çağırışlarına hazır olmalıdır"-Əməkdar jurnalist

Sabah, oktyabrın 16-da keçiriləcək Azərbaycan jurnalistlərinin növbəti qurultayı media ictimaiyyətinin diqqət mərkəzindədir. Qurultayda Azərbaycan Mətbuat Şurasının yeni İdarə Heyətinin seçilməsi gözlənilir.

Ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, informasiya mübarizəsinin daha da kəskinləşdiyi bir dövrdə Mətbuat Şurasının qarşısında mühüm vəzifələr dayanır. 

Xüsusilə yeni İdarə Heyətinin hansı prinsiplər əsasında formalaşacağı, kimlərin bu qurumda təmsil olunacağı və medianın gələcək inkişafına necə töhfə verəcəyi maraq doğurur. Bəs yeni tərkibdən gözləntilər nələrdir və Mətbuat Şurası dövrün çağırışlarına cavab vermək üçün hansı addımları atmalıdır?

“Azərbaycan yeni bir mərhələyə qədəm qoyub və bu mərhələdə bizi həm yeni uğurlar, həm də ciddi məsuliyyət, yeni  vəzifələr gözləyir. Müharibədən sonrakı altı il ərzində əldə etdiyimiz nailiyyətləri daha da artırmaq üçün yeni dövrdə də fəallıq göstərməliyik”.

Bunu Herbiand.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri (İsmayılov) deyib.

Nadir Azəri bildirib ki, bu baxımdan sabah keçiriləcək jurnalistlərin növbəti qurultayı da xüsusi əhəmiyyət kəsb edir. Çünki qurultayda Mətbuat Şurasının növbəti dövr üçün İdarə Heyəti seçiləcək.

Onun sözlərinə görə, İdarə Heyətinin yenilənməsi ilə bağlı mövcud vəziyyət də diqqətəlayiqdir: “Əvvəlki tərkibdən 12 nəfərin bu dəfə namizədlər siyahısına daxil edilməməsini istəməsi yeni üzvlərin seçilməsi üçün imkan yaradır. Deməli, ən azı 12 yeni şəxsin İdarə Heyətində təmsil olunması gözlənilir.

Yenilənmə yalnız üzvlərin dəyişməsi ilə məhdudlaşmamalıdır. Bu proses jurnalistlərin yeni dövrdə ölkə qarşısında dayanan çağırışlara daha çevik və səmərəli cavab verməsində də özünü göstərməlidir. 

Cənab Prezident Yeni Azərbaycan Partiyasının son qurultayında Azərbaycanın qarşısında yeni hədəflərin və məqsədlərin dayandığını vurğulayaraq yeni dövrün başladığını bəyan edib. Hesab edirəm ki, həmin qurultaydan sonra keçirilən jurnalistlərin qurultayı da bu yeni mərhələyə hazırlığı ilk növbədə seçiləcək İdarə Heyətinin tərkibi ilə nümayiş etdirməlidir.

Yeni İdarə Heyətində çevik qərarlar qəbul etməyi, zəruri məqamlarda qətiyyətli addımlar atmağı, ölkənin və xalqın mənafeyini hər şeydən üstün tutmağı bacaran şəxslər təmsil olunmalıdırlar. Eyni zamanda, jurnalistlərimiz informasiya mübarizəsində ayıq-sayıq olmalı, milli maraqların qorunması və ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ön sıralarda dayanmalıdırlar”.

Nadir Azəri qeyd edib ki, özü də İdarə Heyətinə namizədlər sırasındadır və əvvəlki dönəmdə Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi vəzifəsini icra edib.
“Etimad göstərilib-göstərilməyəcəyini sabah biləcəyik. Ancaq istənilən halda seçiləcək yeni İdarə Heyətinə indidən uğurlar arzulayıram.

Bir daha vurğulamaq istəyirəm ki, yeni heyət yalnız bugünün deyil, həm də sabahın çağırışlarına hazır olan şəxslərdən formalaşmalıdır”, – deyə Nadir Azəri bildirib.

Aydın
Hebriand.az