Advertisment

IX Qurultay ərəfəsində Emin Həsənlidən bəyanat: Dəstəyə görə təşəkkür etdi, namizədliyini geri çəkdi

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək və tədbir çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçiləcək. “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli qurultay ərəfəsində media nümayəndələrinə müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmkarlar, dəyərli dostlar!

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultay çərçivəsində Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi də müəyyənləşəcək.

Mətbuat Şurasına üzv təşkilatların irəli sürdüyü namizədlər arasında ilkin səsvermədə ən çox dəstək qazanan 28 jurnalistdən biri kimi adımın yer almasını mənə göstərilən etimadın və fəaliyyətimə verilən dəyərin ifadəsi hesab edirəm.

Hər zaman dövlətimizin və xalqımızın maraqlarına xidmət etməyi, jurnalistikanın inkişafına öz töhfəmi verməyi əsas vəzifələrimdən biri saymışam. Fəaliyyətimlə cəmiyyətə və ölkəmə az da olsa fayda verə bilmişəmsə, bunu özüm üçün böyük uğur hesab edirəm.

Adımı namizədlər sırasında görməyimə səbəb olan, mənə etimad göstərən və əməyimi dəyərləndirən bütün həmkarlarıma səmimi minnətdarlığımı bildirirəm. Bu diqqət və etimad mənim üçün olduqca qiymətlidir.

Bununla yanaşı, hazırkı mərhələdə Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq niyyətində olmadığımı bildirmək istəyirəm. İnanıram ki, yeni tərkib Şuranın fəaliyyətinə yeni nəfəs gətirəcək, onun daha çevik və səmərəli fəaliyyətinə töhfə verəcək.

Fürsətdən istifadə edərək, hər birinizi Mətbuat Şurasının İdarə Heyətinə namizədlər arasından seçim edərkən hər bir namizədin jurnalistikadakı fəaliyyətini, xidmətlərini və peşəkar təcrübəsini nəzərə almağa çağırıram. Namizədlər sırasında tanınan, uzun illər media sahəsində çalışan və Azərbaycan jurnalistikasına töhfələr verən həmkarlarımız var. Gəlin, seçimimizi layiqli namizədlərin xidmətlərini və fəaliyyətini əsas götürərək edək!

Bu gün ölkəmizə qarşı informasiya mübarizəsinin daha da intensivləşdiyi bir şəraitdə media nümayəndələrinin birliyi və həmrəyliyi xüsusi əhəmiyyət daşıyır. Milli maraqlarımızın qorunması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və informasiya cəbhəmizin gücləndirilməsi hər birimizin ortaq məsuliyyətidir.

Arzum budur ki, qurultay jurnalistikamızda sağlam əməkdaşlığın, qarşılıqlı etimadın və yeni təşəbbüslərin möhkəmlənməsinə xidmət etsin. Fərqli mövqelərimiz olsa da, bizi birləşdirən ümumi məqsədləri və peşə məsuliyyətimizi hər zaman ön planda tutmalıyıq.

Bizə birlik və həmrəylik yaraşır!

Bütün həmkarlarıma uğurlar arzulayıram!”

Aydın

Herbiand.az