Advertisment

Rusiyada XHƏ əsgərlərinin ödənişlərini oğurlayan dəstə tutulub

Rusiyanın dörd bölgəsində xüsusi hərbi əməliyyat (XHƏ) əsgərlərinin ödənişlərinin mənimsənilməsində şübhəli bilinən üç nəfər həbs edilib. Hər bir iş üzrə orta itki 900.000 rubl təşkil edib.

Herbiand.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk genişmiqyaslı sxemin qarşısını DİN əməkdaşlarının, Federal Təhlüksizlik Əməkdaşları və İstintaq Komitəsi ilə birlikdə alındığını deyib.

İlkin məlumatlara görə, cinayətkarlar potensial müqaviləli əsgərləri sosial media və mesajlaşma tətbiqləri vasitəsilə axtarıblar. Onların etimadını qazanmaq üçün dəstə Müdafiə Nazirliyinin könüllüləri və ya regional kuratorları kimi çıxış edib və xidmətə qoşulmaq üçün sənədlərin hazırlanmasında kömək edəcəklərinə söz veriblər.

Bu bəhanə ilə şübhəlilər kişiləri dövlət qurumlarında onları təmsil etmək üçün etibarnamələr imzalamağa inandırıblar. Müstəntiqlərin fikrincə, lazımi səlahiyyətləri əldə edən əlbirlər əsgərlərin adından saxta nikahlara girib və onların xəbəri olmadan müxtəlif əməliyyatlar aparıblar.

Bundan əlavə, fırıldaqçılar müqaviləli əsgərlərin bank kartlarına çıxış əldə ediblər. Birdəfəlik ödənişlər və maaşlar bu hesablara köçürülüb, sonra mənimsəyərək öz aralarında bölüşdürüblər.

Həbslər Moskva və Rostov vilayətlərində, Kalmıkiyada və “Donetsk Xalq Respublikası”nda baş verib.

Fırıldaqçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və xırda rüşvətxorluq maddələri ilə cinayət işləri açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisənin bütün hallarını araşdırır.

Bəxtiyar CƏFƏRLİ