Advertisment

“Məktəbli geyimi zahiri elementdir, ana dili isə mənəvi mahiyyət”-Yazıçıdan Tehrana cavab

Bir müddət öncə İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi və hicabla bağlı müzakirələrə münasibət bildirmiş hicablı qızları İran universitetlərinə dəvət etmişdi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İran rəsmilərə cavab verib. Nazirlik bəyan edib ki, İranda milyonlarla etnik azərbaycanlı yaşasa da, onların ana dilində təhsil almaq imkanları ciddi şəkildə məhdudlaşdırılır.

Yazıçı-publisist Əkbər Qoşalı Herbiand.az-a açıqlamasında bildirib ki, Tehran rəsmisinin Azərbaycanda məktəbli geyimi ilə bağlı məsələyə münasibəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin buna cavabı daha fundamental bir mövzunu – ana dilində təhsil hüququnu gündəmə gətirir:

“Hər bir dövlətin təhsil siyasəti onun suveren hüququdur. Başqa ölkənin iç məsələlərinə münasibət bildirərkən diplomatik nəzakət, qarşılıqlı sayğı prinsipləri gözlənilməlidir.

Arazın o tayında, o cümlədən Tehranın özündə milyonlarla azərbaycanlının yaşadığı halda, onların ana dilində tamhüquqlu təhsil imkanlarının təmin olunmaması ciddi problem olaraq qalır. Halbuki ana dili ulusun tarixi yaddaşı, mənəvi varlığı və mədəni gələcəyidir”.

Əkbər Qoşalı bildirib ki, İran öz ana yasasına əməl emtəlidir: “İran İslam Respublikasının Konstitusiyasının 15-ci maddəsində yerli dillərin ədəbiyyatının məktəblərdə tədrisinə imkan nəzərdə tutulur.

Həmin müddəanın gerçək həyatda daha dolğun tətbiqi həm vətəndaş hüquqlarına, həm də İranın öz mədəni zənginliyinə xidmət edərdi.

Biz məsələyə hüquq, maarifçilik və mədəni ədalət prizmasından yanaşırıq. Azərbaycan türklərinin ana dilində təhsil hüququ heç bir dövlətin suverenliyinə təhdid sayıla bilməz-əksinə, vətəndaşların mənəvi-mədəni hüquqlarına sayğının ifadəsidir.

Məktəbli geyimi təhsilin, belə deyək, zahiri elementidir, ana dili isə onun mənəvi mahiyyətidir. Zahiri məsələlərə müdaxilə xarakterli münasibət bildirməkdənsə, mahiyyətə aid hüquqların təmininə diqqət yetirmək daha doğru olardı.

Ana dilinə sayğı – insana sayğının özüdür. İnsana sayğı isə dövlətin mənəvi gücünün göstəricisidir”.

Yazıçı bildirib ki, Tehrandakılar şüşə binada və özü də yerdə bardaş quraraq oturduğunu unutmamalı və daş binaya daş atmamalıdır:

“Hələ görün Şah İsmayıl Xətai yüzillər öncə Təbrizdə nə demişdi:

Gövhərin keçməyən yerdə,

Satma, qardaş, kərəm eylə.

Ləl daşını çay daşına

Qatma, qardaş, kərəm eylə…

Bakı bizə qardaş ola bilməyən Tehrandan kərəm gözləmir amma beynəlxalq hüquqa və insanların Tanrıdangəlmə haqlarına sayğı tələb edir”.

Aydın

Herbiand.az