Son günlər İran və Türkiyədən Azərbaycanda hicablı şagirdlərin həmin ölkələrdə təhsil almalarına dair çağırışlar səsləndirilir. Bu çağırışlar fonunda Azərbaycan vətəndaşı olan şagirdlərin xarici ölkələrdə təhsil almaq imkanları, eləcə də bu prosesin hüquqi və inzibati tərəfləri barədə suallar yaranır. Bəs hicablı şagirdlərin İran və ya Türkiyədə təhsil alması qanunvericilik baxımından mümkündürmü? Bunun üçün hansı sənədlər tələb olunur, qəbul prosesi necə həyata keçirilir və yetkinlik yaşına çatmayan şagirdlərin xaricdə təhsil alması zamanı hansı əlavə şərtlər nəzərə alınmalıdır?

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Herbiand.az-a açıqlamasında bildirib ki,
Türkiyə və İranın Azərbaycandakı təhsil çağırışları düzgün yanaşma deyil: “Hər iki ölkə öz daxili problemləri ilə məşğul olmalıdır. Xarici ölkələrin Azərbaycan vətəndaşlarını ali təhsil almaq üçün dəvət etməsi normal sayıla bilər. Lakin tam orta ümumi təhsil və məcburi təhsil məsələlərinə müdaxilə qəbuledilməzdir. Şagird yalnız ölkə vətəndaşlığından çıxıb həmin ölkənin vətəndaşlığını alarsa, o zaman orada təhsil ala bilər. Tutaq ki, vətəndaş Türkiyənin, İranın, Əfqanıstan, Kamboca, İngiltərə və ya hər hansı bir ölkənin vətəndaşlığını alarsa, o zaman hə, gedib orda təhsilini davam etdirə bilər. Azərbaycanda ümumi orta təhsil, yəni IX sinfədək təhsil icbaridir. Bu baxımdan, hər hansı xarici ölkənin Azərbaycan vətəndaşlarının təhsil hüququna müdaxilə etməyə çalışması və ya onları öz ölkəsində təhsilə yönləndirməsi qəbuledilməz və absurd yanaşmadır”-deyə, o vurğulayıb.
Ekspert bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, təhsil alan şəxslər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vahid geyim forması ilə bağlı qaydalara riayət etməlidirlər. Onun sözlərinə görə, Azərbaycanda dünyəvi təhsil prinsipi əsas götürülür və bu, təhsil sisteminin dinin təsirindən kənar şəkildə inkişaf etməsini nəzərdə tutur.
Ekspert İranda azərbaycanlılara qarşı ayrı-seçkilik hallarının mövcud olduğunu, onların ana dilində təhsil almaq imkanlarının isə məhdudlaşdırıldığını bildirib: “Belə olan halda sual yaranır: İrana dəvət edilən azərbaycanlı şagirdlərə ana dilimizdə təhsil almaq imkanı yaradılacaq, yoxsa onlar fars dilində təhsil almağa məcbur olacaqlar? Aydındır ki, təhsil fars dilində aparılacaq. Hər bir dövlət ilk növbədə öz daxili problemlərinin həllinə diqqət yetirməli, başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinməlidir. Bu cür təşəbbüslər dövlətlərin suverenliyinə və konstitusion prinsiplərə hörmət çərçivəsində qiymətləndirilməlidir”.
Yunis İsrəfilov