Advertisment

Uzaq Arxangelskdən Qarabağa: Cəsur kəşfiyyatçının anım günüdür

Bu gün birinci Qarabağ müharibəsində Ağdam rayonunun müdafiəsində misilsiz xidmətləri olan “Kötəl” taborunun əfsanəvi döyüşçüsü, cəsur kəşfiyyatçı Nurəddin Yolçuyevin anım günüdür. 

1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olan Nurəddin Yolçuyev Birinci Qarabağ müharibəsində göstərdiyi saysız igidliklərlə yadda qalıb.

Orta məktəbi bitirdikdən və hərbi xidmətini Almaniyada başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirən Nurəddin 1985-ci ildə işləmək və təhsil almaq üçün Rusiyanın Arxangelsk vilayətinə gedib.

1992-ci ilin martında Xocalı faciəsindən sonra onun təşəbbüsü ilə Arxangelskdə yaşayan bir qrup azərbaycanlı və çeçen Azərbaycana qayıdaraq könüllü şəkildə döyüşlərə qatılmaq qərarına gəlib.

Hərbi komissarlıqda könüllülərin qəbul edilmədiyini gördükdən sonra onlar əvvəlcə Asif Məhərrəmovun (Fred Asif) rəhbərlik etdiyi dəstəyə qoşulub, daha sonra isə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda xidmət edib. Sonra Ərşad Nadiovun komandir olduğu “Kötəl” taboruna qoşulub.

Nurəddin Yolçuyev Naxçıvanik, Aranzəmin və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib, göstərdiyi şücaətə görə bölük komandirinin müavini vəzifəsinə təyin olunub.

Döyüşlər zamanı 20-dən çox terroçunu, düşmənin bir neçə zirehli texnikasını məhv edib, xeyli silah-sursatı və texnikanı qənimət olaarq götürüb.

1992-ci il iyunun 22-də Qazançı uğrunda gedən döyüşdə də fərqlənən Nurəddin bir neçə azərbaycanlı əsgəri düşmən əsirliyindən xilas edib.

29 yaşlı döyüşçü 1992-ci il oktyabrın 20-də Ağdam rayonunun Əliağalı kəndi istiqamətində kəşfiyyat zamanı minaya düşərək şəhid olub və Quzanlı kənd qəbiristanlığında dəfn edilib.

Aydın

Herbiand.az