Advertisment

"Prezidentlər arasında telefon danışığının baş tutması müsbət hadisədir"

Son günlər Azərbaycan və Türkiyə arasında yaşanan proseslər fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı diqqət çəkir.

Hərbi ekspert Emin Həsənli Hafta.az-a açıqlamasında Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərindən, qarşılıqlı dəstək ənənəsindən və iki ölkə arasında strateji müttəfiqliyin əhəmiyyətindən danışıb.

O bildirib ki, müəyyən fikir ayrılıqları yaransa da, əsas məsələ qardaşlıq münasibətlərinin qorunması və əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

Emin Həsənlinin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri ən çətin dövrlərdə belə sarsılmaz olub.

"Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında dayanıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakının azad edilməsində göstərdiyi xidmətlər, bu döyüşlərdə 1130 şəhid verməsi tarixi qardaşlığımızın bariz nümunəsidir. Eyni zamanda, Çanaqqala döyüşlərində azərbaycanlılar şəhid olub, Birinci Dünya müharibəsi zamanı Türkiyəyə həm maddi dəstək göstərib, həm də döyüşlərdə iştirak ediblər. Bir çox azərbaycanlı həmin döyüşlərdə göstərdiyi xidmətlərə görə medallarla təltif olunub.

Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan dövlət Türkiyə olub. Türkiyənin ən çətin zamanlarında Azərbaycan onun yanında dayanıb. Eyni şəkildə, Azərbaycan Vətən müharibəsi apararkən Türkiyə ölkəmizə mənəvi və siyasi dəstək verib. Türkiyə Ermənistanla sərhədlərini bu gün də bağlı saxlayır.

Təbii ki, dövlətlər arasında da fikir ayrılıqları və anlaşılmazlıqlar yarana bilər. Hər bir ölkənin öz baxışları və siyasəti var. Əsas məsələ strateji müttəfiqliyin qorunması, problemlərin qarşılıqlı anlaşma əsasında həll edilməsi və münasibətlərin inkişaf etdirilməsidir.

Prezidentlər arasında telefon danışığının baş tutması müsbət hadisədir. İnanıram ki, iki ölkə arasındakı münasibətlər təkcə qorunub saxlanılmayacaq, həm də daha da inkişaf etdiriləcək.

Bu telefon danışığı bir daha göstərir ki, Azərbaycan-Türkiyə əlaqələri ayrı-ayrı şəxslərin istəyindən və ya müəyyən fikir ayrılıqlarından asılı olmayaraq yüksək səviyyədədir. Çünki iki ölkə arasındakı müttəfiqlik və əməkdaşlıq həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıyır.

Bəzi dövlətlər regionda və dünyada Azərbaycanla Türkiyə arasında münaqişə və anlaşılmazlıqların yaranmasını arzulaya bilər. Lakin hesab edirəm ki, bu cür cəhdlər xalqlarımızın qardaşlıq münasibətlərinə xələl gətirə bilməz. Xalqlarımızın ortaq tarixi, dil və mədəniyyət bağları, adət-ənənələri var.

Ona görə də düşünürəm ki, Azərbaycan-Türkiyə münasibətləri bu sınaqdan da uğurla çıxacaq. Strateji müttəfiqliyimiz bundan sonra da qorunacaq və inkişaf edəcək"- ekspert bilfirib.