“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Vətən müharibəsi şəhidi, MAXE-əsgər Rasim İsmayıl oğlu Ramazanovun əziz xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində şəhidin Vətən qarşısındakı xidmətlərindən, hərb sənətinə olan marağından, keçdiyi şərəfli döyüş yolundan və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər hərbçilərimizin şücaəti, əzmi və fədakarlığı sayəsində mümkün olub.
Rasim Ramazanov kimi qəhrəmanlarımızın Vətən uğrunda canlarından keçməsi xalqımızın yaddaşında daim yaşayacaq.
Onların döyüş yolunun gələcək nəsillərə çatdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır.
Rasim Ramazanov 26 iyul 1998-ci ildə Babək qəsəbəsində anadan olub. 2004–2015-ci illərdə Babək qəsəbə tam orta məktəbində təhsil alıb. Uşaqlıqdan hərb sənətinə maraq göstərən Rasim 2016–2017-ci illərdə müddətli həqiqi hərbi xidmət keçib.
Xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən ordu sıralarına qoşulub.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edən Rasim Ramazanov 19 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Göstərdiyi qəhrəmanlığa görə şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.