Gəncədə şəhid ailələrinin üzvləri ilə birgə Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığa həsr olunan “44” bədii filmi izlənilib.
Herbiand.az xəbər verir ki, tədbirdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmilər şəhid ailələrinin üzvləri ilə görüş keçirib, çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Görüş zamanı şəhid ailələrinin təklif və müraciətləri dinlənilib.
Daha sonra şəhid ailələrinin üzvləri ilə birgə “Gəncə Mall” Ticarət Mərkəzində yerləşən kinoteatrda “44” bədii filmi izlənilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda mübarizəyə qalxan nəslin ruhu, iradəsi və fədakarlığı əks olunur.
Filmin çəkilişləri Bakı, Gəncə, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.
“44” filmi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, Vətən müharibəsində qazanılan Zəfərin və tarixi yaddaşın gələcək nəsillərə çatdırılmasına xidmət edir. / AZƏRTAC