Advertisment

Şərurda şəhidlər Elşən Məmmədov və Babaxan Babayevin xatirəsi yad edilib

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 23 oktyabr 2026-cı il tarixdə Vətən müharibəsi şəhidləri Məmmədov Elşən Əziz oğlunun və Babayev Babaxan Əlövsət oğlunun şəhadətə ucalmalarının altıncı ildönümü münasibətilə Şərur Rayon Şəhidlər xiyabanında anım tədbiri keçirilib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyətinin üzvləri, şəhid ailələri və müharibə əlilləri iştirak ediblər.

Anım mərasimində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən qarşısındakı xidmətlərindən, torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdikləri qəhrəmanlıqdan söz açılıb. Bildirilib ki, Vətən müharibəsində canlarını fəda edən igidlərimizin həyat yolu xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq.

Leytenant Elşən Əziz oğlu Məmmədov 21 aprel 1999-cu ildə Şərur rayonunun Danyeri kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016–2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Elşən Məmmədov 21 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilən şəhidimiz ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Babayev Babaxan Əlövsət oğlu 10 fevral 1996-cı ildə Şərur rayonunun Aşağı Yaycı kəndində anadan olub. Tam orta təhsilini Bakı şəhərində alan Babaxan 2014–2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlayıb. Ordunun Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu olan Babaxan Babayev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərən qəhrəmanımız 20 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Nəşi Şərur şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Babaxan Babayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan əsgərinin rəşadətinin, xalqımızın birliyinin və şəhidlərimizin müqəddəs qanının nəticəsidir. Bu gün azad torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız hər iki qəhrəmanımızın və bütün şəhidlərimizin Vətən sevgisinin, fədakarlığının əbədi rəmzidir. Onların əziz xatirəsini yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, məzarları ziyarət edilib və üzərlərinə gül dəstələri düzülüb. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub.

Bəxtiyar Əliyev