“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Kəngərli rayonunun Şahtaxtı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış çavuş Zaman Habil oğlu Məmmədovun anım günü münasibətilə müqəddəs məzarı önündə tədbir keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, bu qələbənin əldə olunmasında şəhidlərimizin və qazilərimizin göstərdikləri qəhrəmanlıqdan bəhs edib. O, şəhid Zaman Məmmədovun həyat və döyüş yoluna nəzər salaraq onun Vətənə sədaqətinin, cəsarətinin və fədakarlığının daim ehtiramla xatırlanacağını vurğulayıb.
İcra başçısı şəhid valideynlərinə dərin ehtiramını ifadə edərək onların övladlarının Vətən uğrunda göstərdikləri igidliyin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu bildirib. Şəhidlərimizin bizə əmanət qoyduğu Vətən torpaqlarının qorunmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıb, qəhrəmanlarımızın xatirəsinin yaşadılmasının və onların döyüş yollarının gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Sonra çıxış edən şəhid ailələrinin üzvləri, Zaman Məmmədovun döyüş yoldaşları, hərbçilər və digər natiqlər onun Vətənə bağlılığından, döyüşlərdə nümayiş etdirdiyi igidlik və fədakarlıqdan söz açıblar. Çıxışlarda qəhrəman şəhidimizin ömür yolunun gənc nəsil üçün örnək olduğu, şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının hər kəsin mənəvi borcu olduğu vurğulanıb.
Daha sonra məktəblilər tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirin sonunda şəhidlərin müqəddəs məzarları ziyarət olunub, məzarları önünə tər qərənfillər düzülərək əziz xatirələri dərin ehtiramla yad edilib. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Bəxtiyar Əliyev