Psixoloqların sertifikasiyadan keçirilməsi, onların peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi son dövrlər müzakirə olunan məsələlərdəndir. Cəmiyyətin psixoloji dəstəyə ehtiyacının artdığı bir vaxtda bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi və peşə hazırlığı xüsusi əhəmiyyət daşıyır. Bəs psixoloqların sertifikasiyası nə dərəcədə zəruridir və bu prosesə mütəxəssislər nə qədər hazırdırlar? Heç bir ciddi peşəkar hazırlıq keçmədən özünü psixoloq kimi təqdim edən şəxslər necə ortaya çıxır və onların fəaliyyətinə nəzarət hansı mexanizmlərlə təmin olunmalıdır?
Tanınmış psixoloq Fərqanə Mehmanqızı Herbiand.az-a açıqlamasında bildirib ki, psixoloqların sertifikasiyası bu sahədə peşəkarlığın təmin olunması və keyfiyyətli xidmətin göstərilməsi baxımından vacibdir:

“İlk növbədə qeyd edim ki, əgər ali təhsil müəssisələrində hər kəs diplom əldə edə bilirsə, sertifikasiya imtahanından keçmək də “mümkün olacaq”. Çünki diplomun mövcudluğu insanın peşəkar bilik və bacarıqlara tam yiyələndiyini öz-özlüyündə təsdiqləmir. Hər bir sahədə olduğu kimi, psixologiyada da öz işinin peşəkarı olanlarla yanaşı, kifayət qədər hazırlığı olmayan mütəxəssislərə rast gəlinir. Məsələn, müəllim nəzəri biliklərə malik olsa da, yüksək pedaqoji qabiliyyət nümayiş etdirməyə bilər. Psixoloq üçün də təkcə nəzəri biliklər kifayət etmir; bu peşə insanı anlamaq, onunla düzgün ünsiyyət qurmaq, empatiya göstərmək və fərdi yanaşma bacarığı tələb edir. Bu baxımdan, psixoloqun peşəkarlığı həm elmi hazırlıq, həm də şəxsi keyfiyyətlər və praktik bacarıqlar əsasında formalaşmalıdır”.
Fərqanə xanım hesab edir ki, cəmiyyətdə psixoloq obrazı ilə bağlı müəyyən stereotiplər formalaşıb: “İnsanlar hesab edirlər ki, psixoloq hər zaman səbirli, təmkinli və emosiyalarını nəzarətdə saxlayan biri olmalıdır. Əslində isə bu yanaşma reallığı tam əks etdirmir. Psixoloq da digər insanlar kimi öz hissləri, düşüncələri, şəxsi münasibətləri, sevincləri, narahatlıqları və stressə reaksiyaları olan bir insandır. Onun da bəyəndiyi və bəyənmədiyi insanlar, qıcıqlandığı məqamlar, daxili gərginliyi və emosional yaşantıları ola bilər. Psixoloq peşəkar rolunu pasiyenti ilə işlədiyi zaman həyata keçirir, lakin bu, onun şəxsi həyatında daim eyni davranış modelini nümayiş etdirməli olduğu anlamına gəlmir. Əsas məsələ psixoloqun şəxsi hisslərini peşəkar fəaliyyətindən ayırmağı, emosiyalarını idarə etməyi və pasiyentlə münasibətdə etik prinsiplərə əməl etməyi bacarmasıdır. Peşəkar psixoloq olmaq yalnız nəzəri biliklərə yiyələnmək və sertifikat əldə etməklə məhdudlaşmır. Bu peşənin insana qazandırdığı əsas keyfiyyətlərdən biri hadisələrə fərqli prizmadan baxmaq, insan davranışlarını daha dərindən anlamaq və öz üzərində davamlı işləmək bacarığıdır. Əgər peşəkarlıq yalnız sertifikatla ölçülsəydi, sertifikasiya imtahanından keçən bütün müəllimlər yüksək pedaqoji bacarığa malik olardılar. Halbuki praktik fəaliyyət göstərir ki, biliklərin qiymətləndirilməsi ilə peşəkar səriştənin müəyyənləşdirilməsi eyni anlayışlar deyil. Bu baxımdan, psixoloqun peşəkarlığını qiymətləndirərkən onun sertifikatı ilə yanaşı, ictimai fəaliyyətinə, açıqlamalarına və insanlara verdiyi mesajlara da diqqət yetirilməlidir. Xüsusilə, psixoloqların müsahibələrində və sosial şəbəkə paylaşımlarında səsləndirdikləri fikirlər onların peşəkar məsuliyyəti baxımından əhəmiyyətlidir. Psixoloq cəmiyyətə ünvanladığı mesajlarda insan ləyaqətinə, mənəvi dəyərlərə və sağlam sosial münasibətlərə hörmət prinsipini əsas götürməlidir. Onun fəaliyyəti insanları düzgün istiqamətləndirməyə, cəmiyyətdə sağlam düşüncə tərzinin formalaşmasına və milli-mənəvi dəyərlərin qorunmasına töhfə verməlidir. Buna görə də psixoloqun peşəkarlığı yalnız sənədlərlə deyil, həm də onun davranışları, peşə etikası, ictimai mövqeyi və insanlara göstərdiyi təsirlə qiymətləndirilməlidir”.
F.Mehmanqızının sözlərinə görə, bəzi psixoloqların “azad qadın” anlayışı adı altında qadın və kişi münasibətlərini qarşıdurma müstəvisində təqdim etməsi, qadının kişidən üstün olduğu və yalnız öz maddi müstəqilliyinə əsaslanmalı olduğu barədə fikirlər səsləndirməsi milli-mənəvi dəyərlərlə uzlaşmır. O hesab edir ki, ailə institutuna və cəmiyyətin mənəvi dayaqlarına zərər vuran yanaşmaların qarşısı alınmalıdır.
“Psixoloq, hüquqşünas və ya həkim olmasından asılı olmayaraq, hər bir mütəxəssis öz peşə fəaliyyətində məsuliyyət daşımalıdır. İnsanları ailə dəyərlərindən uzaqlaşdıran və cəmiyyətdə mənəvi aşınmanı təşviq edən fikirlərə qarşı müvafiq tədbirlər görülməlidir”-F.Mehmanqızı belə deyib.
Psixoloq belə hallarda peşəkar məsuliyyət məsələsinə yenidən baxılmasını və zəruri hesab edildikdə, qanunvericilik çərçivəsində intizam tədbirlərinin tətbiqini vacib sayır. Onun qənaətinə görə, milli-mənəvi dəyərlərin qorunması cəmiyyətin bütün üzvlərinin, xüsusilə də ictimai rəyə təsir imkanları olan mütəxəssislərin məsuliyyətli mövqe nümayiş etdirməsini tələb edir: “İnsanlara daim yalnız özlərini düşünməyi, şəxsi maraqlarını hər şeydən üstün tutmağı tövsiyə edən yanaşmalar ifrat eqoizmin və narsistik davranışların güclənməsinə zəmin yarada bilər. Onun qənaətinə görə, uşaqların tərbiyəsində də azadlıq anlayışı məsuliyyət və nəzarətlə uzlaşdırılmalıdır. Uşağa sərbəstlik vermək onun bütün istəklərini qeyd-şərtsiz yerinə yetirmək demək deyil. Əksinə, valideynlər övladlarına sərhədləri, başqalarının hüquqlarına hörmət etməyi və öz davranışlarına görə məsuliyyət daşımağı öyrətməlidirlər”.
Ekspert hesab edir ki, sosial şəbəkələrdə məşhurlaşmaq naminə cəmiyyətin həssas mövzularından istifadə edən, insanları qarşıdurmaya sövq edən və ailə münasibətlərinə mənfi təsir göstərə biləcək fikirlər səsləndirən şəxslərin fəaliyyəti diqqətdə saxlanılmalıdır. Onun fikrincə, bəzi psixoloqların daha çox izləyici toplamaq və ictimai diqqət qazanmaq məqsədilə ailə və kişi-qadın münasibətləri barədə mübahisəli açıqlamalar verməsi peşə məsuliyyəti məsələsini gündəmə gətirir.
Fərqanə Mehmanqızının sözlərinə görə, bu cür hallarda məsuliyyət tədbirləri müzakirə olunmalı, peşə etikası qaydalarını pozan mütəxəssislərə qarşı qanunvericiliyə uyğun tədbirlər görülməlidir. O, pozuntunun xarakterindən asılı olaraq, efirlərdə çıxışların məhdudlaşdırılması və peşə fəaliyyəti ilə bağlı icazələrin dayandırılması kimi tədbirlərin də müvafiq hüquqi mexanizmlər çərçivəsində nəzərdən keçirilməsini mümkün hesab edir.
Ekspert əlavə edib ki, bu gün ailə institutunun qorunması, kişi və qadın arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, qadın hüquqları və azadlıqları ailə münasibətlərində qarşıdurma yaratmaq vasitəsinə çevrilməməli, əksinə, qarşılıqlı hörmət və məsuliyyət prinsipləri ilə uzlaşdırılmalıdır. Cəmiyyətə təsir imkanları olan mütəxəssislər isə şəxsi populyarlıq naminə ailə dəyərlərini və sağlam insan münasibətlərini zədələyə biləcək yanaşmalardan çəkinməlidirlər.
Məhəmməd Əliyev