Advertisment

Vətən müharibəsi şəhidi Elməddin Həsənovun anım tədbiri keçirilib-FOTOLAR

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Kəngərli rayonunun Şahtaxtı kəndində Vətən müharibəsi şəhidi, əsgər Elməddin Elşən oğlu Həsənovun anım günü münasibətilə müqəddəs məzarı önündə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid Elməddin Həsənovun şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıb. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunmasının ildönümünün qeyd edildiyini xatırladan icra başçısı Elməddin Həsənovun da məhz Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.

Kamal Ələkbərov şəhidin Vətən qarşısındakı xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Elməddin Həsənovun təltif olunduğu orden və medallardan bəhs edib.

İcra başçısı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi Zəfərin xalqımızın sarsılmaz birliyinin və milli həmrəyliyinin təntənəsi olduğunu bildirib.

Qeyd olunub ki, canları və qanları bahasına bu böyük Qələbəni xalqımıza bəxş edən şəhidlərimiz Ulu Öndər Heydər Əliyevin və bütün Azərbaycan xalqının uzun illər boyu yaşatdığı müqəddəs arzuların gerçəkləşməsində müstəsna rol oynayıblar.

Şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər və digər çıxış edənlər Vətən müharibəsi qəhrəmanlarının döyüş meydanında göstərdikləri şücaətdən söz açıb, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıblar.

Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə məktəblilər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. Sonda şəhidin və digər qəhrəmanlarımızın məzarları ziyarət olunub.
Bəxtiyar ƏLİYEV