Advertisment

Gürcü analitik: Azərbaycan Prezidentinin xarici siyasət xətti regional sabitliyə xidmət edir

Dünya dinamikasının sürətlə dəyişdiyi hazırkı dövrdə Azərbaycan və Gürcüstan, eləcə də ümumilikdə Cənubi Qafqaz dövlətləri öz rollarını yenidən müəyyənləşdirmək üçün yeni imkanlar əldə edirlər.

Herbiand.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində “GEOCASE” Analitik Mərkəzinin direktoru, gürcü politoloq Viktor Kipiani bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidentinin ortaya qoyduğu aydın və strateji xarici siyasət xətti yerli və beynəlxalq mənbələrdə haqlı olaraq “Əliyev doktrinası” adlandırılır.

“Bu doktrinanın ən mühüm elementlərindən biri Cənubi Qafqaz ölkələrinin regionun taleyüklü məsələlərinin həllində daha fəal rol oynamasıdır. Mən bunu region üzərində birgə sahiblik hissinin bərpası adlandırardım”, – deyə V.Kipiani vurğulayıb.

Analitikin sözlərinə görə, Ermənistan da bu yanaşmanı bölüşməli və regionun gələcəyinin formalaşmasında yaxından iştirak etməlidir. O, “Əliyev doktrinası”nın daxili işlərdə muxtariyyətin qorunması və kiçik regional aktorların öz sözünü sərbəst deməsi üçün möhkəm baza yaratdığını, Gürcüstanın da bu prinsipləri əməli addımlarla dəstəklədiyini diqqətə çatdırıb.

Regionda təhlükəsizlik və sabitliyin beynəlxalq hüququn təməl prinsiplərinə – daxili işlərə qarışmamaq, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanmalı olduğunu qeyd edən ekspert əlavə edib ki, müasir beynəlxalq münasibətlərdə ölkələrin rolu onların bütövlükdə dünyaya verdiyi fayda və funksional əhəmiyyəti ilə ölçülür.