Fövqəladə Hallar Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Herbiand.az xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Təntənəli tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri Azərbaycanın gücünü, qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirib.
Nazir Azərbaycanın yaxın tarixinə qısa ekskurs edərək, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, Ordu quruculuğu istiqamətində tarixi xidmətlərindən danışıb. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarında Ulu Öndərin ölkə rəhbərliyində olmadığı zamanı tarixi fürsət bilən Ermənistanın millətçi dairələri Azərbaycana qarşı açıq formada əsassız ərazi iddialarına başladılar. Bundan sonra Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası, separatçılıq meyillərinin güclənməsi, Sumqayıt hadisələri və digər terrorçu əməllər ölkəmizi ağır vəziyyətə saldı. Həmin vaxt ölkədə hakimiyyət uğrunda mübarizə, xaos və anarxiya şəraitində Azərbaycan dövlət müstəqilliyini itirmək, qardaş qırğını və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Məhz belə bir məqamda xalq öz Xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyi təmin etdi, parçalanmaq təhlükəsində olan ölkəmizi davamlı inkişaf yoluna çıxardı. Qarabağ probleminin həllini dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, xalqın milli birliyinin və mübarizə əzminin möhkəmləndirilməsi, güclü Ordunun formalaşdırılması istiqamətində misilsiz xidmətlər göstərdi.
Nazir diqqətə çatdırıb ki, altıncı ildönümünü qeyd etdiyimiz tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrin möhkəmləndirilməsi və ölkənin müdafiə potensialının artırılması sahəsində yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Bu tarixi Zəfər milli kimliyimizin, həmrəyliyimizin, ləyaqətimizin və gücümüzün təcəssümüdür. Əldə olunan Qələbə xalqımızın milli qürur mənbəyi kimi dövlətçilik tariximizdə əbədi yaşayacaq.
Fövqəladə hallar naziri Zəfərlə başa çatan Vətən müharibəsi günlərində FHN-in şəxsi heyətinin də şərəflə xidmət etdiyini xatırladaraq, Nazirliyin cəbhəyanı rayonlarda gördüyü işlərdən bəhs edib. O, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, 44 günlük müharibə dövründə əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Nazir işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri və görülən işləri birbaşa nəzarətdə saxlamaları sayəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, doğma torpaqlarımıza həyat geri qayıdır.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Raul Qasımov şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüb.
Ehtiyatda olan mayor, qazi Süleyman Heydərov çıxış edərək tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, Azərbaycan əsgərinin döyüş ruhundan, xalqımızın həmrəyliyindən və qələbə əzmindən danışıb.