Advertisment

“İranda fars olmayanlara qarşı milli zülm hökm sürür” - Siyasi şərhçi

Əhalinin təxminən 24 faizini, yaxud 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplarına nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunsalar da, yerli fəallar və təşkilatçılar sıxışdırılır. Bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında yazılıb.

Hesabatda hökumətin azərbaycanlıları, fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini, bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğu bildirilib.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Herbiand.az-a bildirib ki, İranda fars olmayanlara qarşı milli zülm hökm sürür. Bu, din azadlığı, təriqət fərqi, eləcə də dil fərqi ilə bağlı davam edir:

“Güney Azərbaycan türkləri şah hakimiyyətə gələndən, yəni 1920-ci illərdən milli mədəni təzyiqlərə, təqiblərə və ayrı-seçkiliyə məruz qalıblar. Başqa sözlə, panfarsizm, yaxud fars şovinizmi İranda hakim siyasi ideolgiyaya çevriləndən, aparıcı siyasi ideoloji xətt olandan indiyə qədər davam etməkdədir. İndiki hakimiyyət belə İslam adı altında Azərbaycan türklərinə qarşı pamfarsist siyasətini yürüdür. Hətta, 1979-cu ilin payızında qəbul edilmiş şahdanqalma milli zülmün aradan qaldırılması ilə nəzərdə tutulan müddəalar belə həyata keçirilib. Məsələn, 15-ci və 19-cu maddələri buna misal göstərmək olar. Düzdür, Konstitusiyada nəzərdə tutulmuş həmin maddələr çağdaş dünyanın inkişafı qarşılığında Azərbaycan türklərinə verilmiş çox az hüquqdur. Bununla belə heç o hüquqlar da təmin olunmayıb. Güney Azərbaycan türklərinin ana dilində bir siniflik məktəbi belə yoxdur. Yaxud, öz normal ədəbi dildə çıxan qəzeti, televiziyası və başqa informasiya vasitələri mövcud deyil. Bu gün Güney Azərbaycanda Azərbaycan türkcəsi yalnız ayrı-ayrı ziyalı insanların fədakarlığı və Azərbaycan Respublikasından yayımlanan televiziya verilişləri, indiki şəraitdə isə müxtəlif elektron informasiya vasitələri ilə qala bilir. Məsələn, əvvəllər Güney Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də İranın ayrı-ayrı bölgələrində türk dili ilə bağlı müxtəlif kurslar təşkil edilirdi. Bu kursları təşkil edən müəllimlər hakimiyyətin təzyiqi ilə üzləşirdi. Hətta Təbrizdə bir neçə il öncə Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılmışdı. Son zamanlar bu fakültədə Azərbaycan türkcəsindən xəbərsiz olan, bir çox hallarda başqa etnik qrupun təmsilçisi olan müəllimlər tədris etməyə başlayıb. Ona görə də Azərbaycan türkcəsinin Güney Azərbaycanda yaşaması və inkişaf etməsi Güney Azərbaycan türklərinin başlıca problemi olaraq qalır”.

Sədrəddin Soltanın sözlərinə görə, ötən il Azərbaycan prezidenti İlham Əliyev də Güneydə Azərbaycan türklərinin dilinin assimilyasiya olunması ilə bağlı bir neçə açıqlama vermişdi:

“Başqa sözlə, demək olar ki, Azərbaycan Respublikası Güney Azərbaycan türklərinin dil və mədəniyyətinin inkişaf etdirilməsi məsələsini özünün xarici siyasətinin prioriteti saya bilər. Bununla belə, Tehran hakimiyyətinə bu istiqamətdə dəfələrlə müxtəlif səviyyələrdə fikirlər çatdırılsa da, İran hakimiyyəti bu reallığı görməzlikdən gəlir. ABŞ Dövlət Departamentinin İranda insan hüquqlarının vəziyyətinə dair açıqlamasında Güney Azərbaycan türklərinin, eləcə də başqa fars olmayanların milli mədəni haqlarının tapdanması məsələsinin vurğulanması İran hakimiyyətinin öz vətəndaşlarına laqeyd və ayrı-seçkilik münasibətinin göstəricisidir. Tehran hakimiyyəti Qərbi qərəzlikdə və bu kimi davranışlarda ittiham edir. Halbuki, onun düşmən elan etdiyi ABŞ İran vətəndaşlarının dil haqqının və başqa mədəni haqlarının müdafiəsinə çalışır. Perspektivdə nə qədər ki, İranda panfarsizm, fars şovinizmi siyasi ideoloji hakimiyyətdədir bu proses müxtəlif formada davam edəcək. Ona görə İranda milli zülmün, o cümlədən Azərbaycan türklərinə tətbiq olunan ayrı-seçkilik siyasətinin aradan qalxması üçün ilk növbədə pamfarsizm, yaxud farsşovinist ideologiyasının siyasi səhnədə çıxması vacibdir”.

Bəxtiyar CƏFƏRLİ