Advertisment

Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verdi

Bakı Uşaq və Gənclər Teatrı yarandığı ilk gündən çox maraqlı layihələri,  ilə özünü  yenilikçi teatr kimi sübut edib. Əlbəttə, bütün ideyalar bilavasitə teatrın bədii rəhbəri və direktoru, bu kollektivin yaradıcısı, Əməkdar artist İntiqam Soltanın təfəkkürünün məhsuludur. Məhz bu maraqlı ideyalarına, layihələrinə, yeniliklərinə görə bu kollektiv başqa teatrlardan seçilir və tamaşaçıların da bu teatra marağını artırır. Kollektiv bu maraqlı layihələrinə, yeniliklərinə görə xarici ölkələrdəki çıxışlarına görə hər yerdə  maraqla qarşılanır. Məhz ona görə də yarandığı 24 ildə, təkcə xarici ölkələrdən otuzdan çox mükafat gətirib.

Qələbəmizin 5 illiyinə həsr olunmuş “Addım-Addım Vətəndə” adlanan yeni  layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirmək niyyətindədir.

Layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, Bakı Uşaq və Gənclər Teatrının  bölgə teatrları ilə arasındakı əməkdaşlığı gücləndirmək, regionların mədəni inkişafına dəstək vermək,  bölgə tamaşaçıları ilə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir.

Sözügedən layihə 30 sentyabr 2025-ci il tarixdə  ilk olaraq  Lənkəran Dövlət Dram Teatrı  ilə birgə həyata keçirilib və tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb.

Tədbirin aparıcıları Lənkəran Dövlət Dram Teatrının aktyoru Səyad Əliyev, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev tamaşaçıları salamladıqdan sonra  hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında  ətraflı  məlumat veriblər.

Bu da iki teatr kollektivi haqqında tamaşaçılarda əlavə  bilgi yaradıb.

Daha sonra səhnəyə hər iki teatrın direktorları - Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Laləzar  xanım  Hüseynovanı, Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı dəvət ediblər. Laləzar xanım Hüseynova Bakı Uşaq və Gənclər Teatrının kollektivini salamlayaraq, bu layihənin əhəmiyyətini xüsusi vurğulayaraq  onlara  uğurlar arzulayıb. Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, layihənin rəhbəri İntiqam Soltan Lənkəran Dövlət Dram Teatrına Bakı Uşaq və Gənclər Teatrının  ADDIM-ADDIM VƏTƏNDƏ  layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.

Proqramda Bakı Uşaq və Gənclər Teatrının repertuarında olan tamaşalardan parçalar - "Ağıllı Tülkü" (Yapon xalq nağılı, rejissor  Respublikanın  Əməkdar artist İntiqam Soltan), "Danışan Gəlincik" (Abdulla Şaiq, rejissor  İlhamə xanım Əhmədova), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Azərbaycan Xalq nağılı, rejissorlar Mehman Piriyev və Rauf Huseynli), Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri, Lənkəran Dövlət Dram Teatrının aktyorları Gülər Kərimova, Günel Bağırova, Murad Kərimli, Cəfər Səlimovun ifasında mahnı və rəqs nömrələri nümayiş olunub.

Bu layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə  festivalla yekun vurmaq  niyyətindəyik. Və inanırıq ki, bu layihəmiz də başqa layihələrimiz kimi maraqla qarşılanacaq.

Bəli. Bu gün elm və texnikanın çox inkişaf etdiyi bir vaxtda, hər bir tamaşaçının əlində ağılll telefon olduğu bir vaxtda insanların  internetdən, tik-toktdan, votsapdan, Yutubdan  yüksək səviyyədə istifadə etdiyi dönəmdə tamaşaçıları teatralara cəlb etmək üçün teatrlar yüksək peşəkar tamaşalar hazırlamaqla yanaşı, həm də özlərinin maraqlı ideyaları ilə texnologiyadan bir neçə addım qabaqda olmalıdır ki, onları yuxarıda sadaladığım vasitələrdən ayırıb, teatr tamaşalarına cəlb etsinlər. Bax, belə olduqda  teatr  həqiqətən də bir müqəddəsliyini qoruyub saxlaya  biləcək.

Bu işdə Mədəniyyət Nazirliyi də teatrlara çox kömək etməli və maliyyə yardımları ayırmalıdır. İnanırıq ki, belə də olcaq. Çünki Mədəniyyət naziri cənab Adil Kərəimli bu təşkilata rəhbərlik etdiyi ilk  gündən əlindən gələni edir ki, teatrlar çətin durumdan çıxa bilsinlər, beynəlxalq səviyyədə Azərbaycan Milli mədəniyyətini təbliq etsinlər. İnanırıq ki, belə də olacaq.

Leyla HƏŞİMOVA,
Bakı Uşaq və Gənclər Teatrının ədəbi hissə rəhbəri