Hörmüz boğazında naməlum mənbədən hücuma məruz qalan ticarət gəmisində yanğın baş verib. Herbiand.az xəbər verir ki, Omanın Hörmüz boğazı sahilində yerləşən Müsnədəm vilayəti yaxınlığında baş verən yanğın nəticəsində bir ekipaj üzvü həlak olub, 27 nəfər təxliyə edilib.
Oman Dəniz Təhlükəsizliyi Mərkəzi ABŞ-da yerləşən “X” şirkətinin sosial media platformasındakı hesabında hadisə ilə bağlı açıqlama yayıb.
Məlumatda bildirilir ki, Oman Hərbi Dəniz Qüvvələri aidiyyəti qurumlarla əməkdaşlıq və koordinasiya şəraitində Antiqua və Barbuda bayrağı altında üzən “CAPE DAO” adlı ticarət gəmisinin ekipajının təxliyəsini həyata keçirib.
Təxliyə edilən ekipaj üzvlərinə zəruri tibbi yardım göstərilib.
Açıqlamada hücumun mənbəyi ilə bağlı hər hansı məlumat verilməyib.
Qeyd edək ki, br müddət öncə İran Hörmüz boğazından “icazəsiz keçən” gəmiləri hədəfə alacağını bəyan etmişdi.
E.Cəfərli