Advertisment

“20 Sentyabr çağdaş tariximizdə yeni mərhələnin başlanğıcıdır”-Təbriz Ağayev

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si ölkədə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə bağlı tarixi hadisənin milli yaddaşda yaşadılması məqsədi daşıyır. 

Bu gün dövlət suverenliyinin, ərazi bütövlüyünün və milli həmrəyliyin əhəmiyyətinə diqqətin artırılması, gənc nəslin dövlətçilik dəyərləri ruhunda tərbiyə olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.

“Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev Herbiand.az-a açıqlamasında bildirib ki, 20 Sentyabr Azərbaycanın çağdaş tarixində yeni mərhələnin başlanğıcıdır: “Şanlı tariximizdə elə günlər var ki, Azərbaycan xalqının mübarizəsini, iradəsini və dövlətçilik əzmini özündə yaşadır. 

20 Sentyabr da belə əlamətdar tarixlərdən biridir. 2023-cü ilin sentyabrında baş verən hadisələrlə bağlı olan bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlı tarixi mərhələni ifadə edir. 

20 Sentyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və milli iradənin təcəssümü baxımından mühüm əhəmiyyət daşıyan tarix kimi yadda qalıb. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda konstitusiya quruluşunun bərpası və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulması məqsədilə başlanan antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə nəticələnib. 

23 saat 43 dəqiqə davam edən tədbirlər sentyabrın 20-də separatçı rejimin fəaliyyətinə xitam verdiyini elan etməsi ilə yeni mərhələyə keçib və bununla Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin bərpası üçün şərait yaranıb”.

T.Ağayev deyib ki, 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi 2023-cü ilin sentyabrında baş verən hadisələrin dövlətçilik tarixindəki əhəmiyyətini ifadə edir. 

“Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm mərhələni simvolizə edir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan 2023-cü ildə suverenliyini ölkənin bütün ərazisində təmin etməklə dövlətçilik tarixində yeni mərhələyə qədəm qoydu. 20 Sentyabrın milli yaddaşda xüsusi yer tutması dövlətçilik ənənələrinin qorunması və bu dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

Dövlətçilik anlayışı yalnız ölkənin sərhədlərinin və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır. Bu anlayış, eyni zamanda, milli həmrəyliyin möhkəmləndirilməsini, qanunun aliliyinin təmin olunmasını və dövlət müstəqilliyinin daha da gücləndirilməsini özündə ehtiva edir. Əldə olunan tarixi nəticələrin davamlı inkişaf və dayanıqlı dövlətçilik naminə qorunub saxlanılması əsas vəzifələrdən biridir. 

Dövlət suverenliyi Azərbaycan xalqının qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər qarşısında mühüm məsuliyyət yaradır”.

E.Cəfərli
Herbiand.az