Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və Milli qəhrəman Vahid Quliyevlə görüşüb.
Türkiyə Respublikasında uzmanlıq təhsili alan Azərbaycan vətəndaşı olan həkimlərin hüquq və qanuni mənafelərinin qorunması yönündə göstərdiyi fəallığa, irəli sürdüyü təşəbbüsə və apardığı ardıcıl ictimai fəaliyyətə görə Emin Həsənliyə təşəkkürünü bildirən millət vəkili deyib ki, azərbaycanlı həkimlərin müraciətinə çevik münasibət göstərilməsi, onların iştirakı ilə nümayəndə heyətinin formalaşdırılması, məsələnin Türkiyə Böyük Millət Məclisinin üzvləri və qardaş ölkənin nüfuzlu siyasi xadimləri qarşısında qaldırılması və problemin həlli istiqamətində aparılmış məqsədyönlü işlər təqdirəlayiqdir və vətəndaş cəmiyyətinin uğurudur.
Emin Həsənli isə öz növbəsində bildirib ki, bu fəaliyyət Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə inkişaf edən bu münasibətlər “Şuşa Bəyannaməsi”ndə əksini tapmış qardaşlıq və əməkdaşlıq ruhunun mühüm göstəricisidir.
QHT sədri deyib ki, “Bir millət, iki dövlət” prinsipi vətəndaş cəmiyyəti sahəsindəki əməkdaşlıqda da özünü aydın şəkildə göstərir və iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq bundan sonra da davam edəcək.
“Bu əməkdaşlıq xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə, soydaşlarımızın hüquq və mənafelərinin qorunmasına mühüm töhfə verəcək”-deyə, o, bildirib.
Qeyd edək ki, cari ilin iyul ayının 2-də Türkiyə Böyük Millət Məclisinə təqdim edilən "Ali təhsil qanununda və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında" qanun layihəsinin 1-ci maddəsi xarici vətəndaş olan həkimlərin dövriyyə sərmayəsindən əlavə ödənişlərin alınmasının qarşısını almağı nəzərdə tuturdu. İyulun son günlərində müzakirəyə çıxarılan bu təklif qəbul edilməyib. Bu zərərli təşəbbüsün qarşısının alınmasında “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri, Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənlinin xüsusi xidmətləri olub.
Millət vəkili ilə görüşdə həmçinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, şəhid ailələri və qazilərin sosial hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən hərbi yönümlü təşkilatların mövcud vəziyyəti müzakirə olunub. Bu təşkilatların fəaliyyətinin gücləndirilməsi və qarşılaşdıqları problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, şəhid ailələri və qazilərin hüquq və mənafelərinin qorunması sahəsində vətəndaş cəmiyyəti institutlarının daha fəal iştirakı, bu istiqamətdə dövlət qurumları, ictimai təşkilatlar və gənclər arasında əməkdaşlığın genişləndirilməsi vacibdir.
Qeyd olunub ki, gənclər üçün hərbi-vətənpərvərlik düşərgələri təşkil edilməli, maarifləndirici layihələr icra olunmalı, şəhid ailələri və qazilərin hüquqları ilə bağlı pulsuz hüquqi məsləhət və dəstək mexanizmlərinin genişləndirilməli, hərbi yönümlü QHT-lərin birgə fəaliyyətini təmin edən vahid əməkdaşlıq platforma yaradılmalı, məktəblərdə və universitetlərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərlə bağlı görüşlər artırılmalı, QHT-lərin şəhid ailələri və qazilərin problemlərinin aidiyyəti qurumlara çatdırılmasında ictimai nəzarət və monitorinq imkanları gücləndirilməlidir.
Yunis İsrəfilov