Advertisment

Havadan gələn təhlükə: "Nəzarət gücləndirilməlidir" -Ekoloq

“Şəhərsalma və Memarlıq İli”nin başa çatmasına cəmi üç ay qalıb. İl ərzində şəhərsalma və memarlıq sahəsində çoxsaylı layihələr həyata keçirilib, müxtəlif təşəbbüslər irəli sürülüb. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində diqqət yetirilməli əsas məsələlərdən biri də şəhər mühitinin ekoloji təhlükəsizliyinin təmin olunmasıdır. Xüsusilə böyük şəhərlərdə havanın keyfiyyətinin qorunması və atmosfer çirkliliyinin azaldılması mühüm əhəmiyyət daşıyır. Bakı şəhərindəki əhalinin sıxlığı və nəqliyyatın intensivliyi ekoloji problemləri daha qabarıq şəkildə üzə çıxarır. Şəhərin havasına mənfi təsir göstərən əsas amillər sırasında marşrut xətlərində istismar olunan köhnə avtobuslar da yer alır. Bununla yanaşı, tüstü və digər emissiyalar yayan bəzi iaşə müəssisələrinin fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır. Buna görə də şəhərsalma siyasətində yalnız yeni binaların və yolların inşasına deyil, həm də təmiz hava və sağlam şəhər mühitinin formalaşdırılmasına xüsusi önəm verilməlidir.

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova herbiand.az-a açıqlamasında bildirib ki, köhnə və texniki baxımdan yararsız avtobusların atmosferə buraxdığı işlənmiş qazlar şəhər havasının çirklənməsinin əsas mənbələrindən biridir.

“Bu nəqliyyat vasitələrindən yayılan azot oksidləri, karbonmonoksid, uçucu üzvi birləşmələr və xırda dispers hissəciklər havanın keyfiyyətini aşağı salır və xüsusilə sıx məskunlaşmış ərazilərdə ekoloji yükü artırır. Eyni zamanda, tüstü qazlarının təmizlənməsi üçün müasir filtr və ventilyasiya sistemləri olmayan bəzi iaşə müəssisələri və şadlıq evləri də atmosferə tüstü, yağ aerozolları və müxtəlif yanma məhsulları buraxa bilər. Bu emissiyalar havada asılı vəziyyətdə qalan hissəciklərin və digər çirkləndiricilərin konsentrasiyasını artıraraq şəhər mühitinə mənfi təsir göstərir. Xüsusilə xırda dispers hissəciklər tənəffüs yollarına daxil olaraq qıcıqlanma, öskürək və nəfəsalma çətinliyi yarada, uzunmüddətli və yüksək səviyyəli məruzqalma isə ürək-damar və tənəffüs sistemi xəstəlikləri ilə əlaqələndirilir. Azot oksidləri və digər qaz çirkləndiriciləri də tənəffüs sisteminə mənfi təsir göstərməklə yanaşı, atmosferdə ikinci dərəcəli çirkləndiricilərin, o cümlədən yer səviyyəsində ozonun yaranmasına şərait yarada bilər. Bu baxımdan şəhər ekologiyasının qorunması üçün köhnə avtobusların mərhələli şəkildə daha ekoloji nəqliyyat vasitələri ilə əvəzlənməsi və iaşə obyektlərində tüstü qazlarının təmizlənməsi sistemlərinə nəzarətin gücləndirilməsi vacibdir”.

Ekoloq bildirib ki, sağlam şəhər mühiti yalnız yaşıllıqların artırılması ilə deyil, həm də atmosferə atılan zərərli emissiyaların sistemli şəkildə azaldılması ilə təmin oluna bilər.

“Problemin qarşısının alınması üçün ilk növbədə köhnə və yüksək emissiyalı avtobusların mərhələli şəkildə istismardan çıxarılması və onların müasir, ekoloji standartlara cavab verən nəqliyyat vasitələri ilə əvəzlənməsi vacibdir. Marşrut avtobuslarının texniki vəziyyətinə və atmosferə buraxdığı qazların həcminə mütəmadi nəzarət gücləndirilməlidir. Eyni zamanda, iaşə müəssisələri və şadlıq evlərində tüstü və qazların təmizlənməsi üçün müasir filtrasiya və havalandırma sistemlərinin quraşdırılması tələb olunmalıdır. Bu obyektlərdə atmosferə atılan emissiyaların monitorinqi aparılmalı, ekoloji tələbləri pozan müəssisələrə qarşı təsirli nəzarət və məsuliyyət mexanizmləri tətbiq edilməlidir. Bütün bunlarla yanaşı, ictimai nəqliyyatın inkişafı, yaşıllıq sahələrinin artırılması və ekoloji monitorinqin gücləndirilməsi Bakıda daha təmiz və sağlam şəhər mühitinin formalaşmasına kömək edə bilər”.

 

E.Cəfərli

Herbiand.az