Hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Bu əlamətdar gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə təsadüf edir və onun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərini bir daha xatırladır.
Herbiand.az xəbər verir ki, Milli Musiqi Günü 1995-ci ildən, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il qeyd edilir.
18 sentyabr həm də Azərbaycanın görkəmli bəstəkarı və dirijoru Müslüm Maqomayevin doğum günüdür.
Bu tarix münasibətilə ölkənin müxtəlif şəhərlərində konsertlər, musiqi festivalları, sərgilər və digər mədəni tədbirlər keçirilir.
Milli Musiqi Günü Azərbaycan xalqının muğam, aşıq sənəti, klassik və bəstəkarlıq məktəbinin zəngin ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün milli musiqimizin dünyada tanıdılmasına töhfə verən bəstəkar, ifaçı, dirijor və musiqi xadimlərinin yaradıcılıq irsinə ehtiramın ifadəsi kimi qeyd olunur. Qeyd edək ki, Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub, uşaqlıq və ilk gənclik illərini Şuşada keçirib.
O, 1899–1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb və burada musiqiyə böyük maraq göstərib.
Üzeyir Hacıbəyli Azərbaycan peşəkar musiqisinin və milli opera məktəbinin banisi kimi tanınır.
Onun 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası Şərqdə opera sənətinin inkişafında mühüm hadisə olub.
Bəstəkar “Arşın mal alan”, “O olmasın, bu olsun” və “Koroğlu” kimi məşhur əsərləri ilə Azərbaycan mədəniyyətinə böyük töhfə verib.
Üzeyir Hacıbəyli həmçinin Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin müəllifidir, himnin sözləri isə Əhməd Cavadındır.
O, 23 noyabr 1948-ci ildə Bakıda vəfat edib və zəngin yaradıcılığı ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub.