Advertisment

ŞƏHİD ÜMİD MƏMMƏDOVUN ANIM GÜNÜ QEYD EDİLİB

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ümid Məmmədovun anım günü Babək rayonunun Nehrəm kəndində qeyd olunub.

Şəhidin məzarı yanında keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini və aparat işçiləri, Ali Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə və təşkilatlarının əməkdaşları, dini qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhidin valideynləri və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək şəhidin ailəsinə başsağlığı verib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, qisas və antiterror əməliyyatlarında Ümid kimi igid oğullarımızın göstərdikləri şücaətdən danışıb. Qeyd edib ki, Prezidentin birbaşa rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri müharibə veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi və hər cür qayğı ilə əhatə olunmasıdır.

Daha sonra şəhidin valideynləri, qazilər və digər natiqlər çıxış edərək qalib Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər. Bildirilib ki, rəşadətli ordumuzun mərd oğulları torpaqlarımızı canları və qanları bahasına erməni işğalçılarından azad ediblər. Onların fədakarlığı nəticəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən hələ uzun illər bəhs olunacaq.

Tədbirdə məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, Qurani-Kərimdən ayələr oxunub, ruhuna dualar edilib.

Ümid Məmmədov 14 mart 1999-cu ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub.
2005–2013-cü illərdə Nehrəm qəsəbə 3 saylı tam orta məktəbdə təhsil alıb, 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub. 2016–2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilini davam etdirib.
2018-ci ildə təhsildə fərqləndiyinə görə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunub.

2020-ci ildə ali hərbi məktəbi bitirərək “leytenant” rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.

2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində başladığı hücum zamanı Ümid Məmmədov general-mayor Polad Həşimovla birlikdə döyüşüb və qarşı tərəfin hücumunun dəf edilməsində fərqlənib. Daha sonra o, Goranboy rayonundakı “N” saylı hərbi hissədə xidmətini davam etdirib.

Vətən müharibəsinin ilk günlərindən etibarən döyüşlərə qatılan Ümid Məmmədov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. O, 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Şəhid 18 oktyabr 2020-ci ildə doğulduğu Nehrəm qəsəbəsində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Ümid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Ruhu şad olsun! 

Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi