Advertisment

Şəhid Vüqar Əsgərovun Əziz Xatirəsi Anıldı

 

20 oktyabr 2025-ci il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Vüqar Rza oğlu Əsgərovun xatirəsinə anım tədbiri doğulub boya-başa çatdığı Qarabağlar kəndində, müqəddəs məzarı önündə keçirilib.

 

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, polislər, hərbçilər və kənd sakinləri iştirak edib.

 

Mərasim iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himni səsləndirilib. Daha sonra Dini icmanın sədri Qurani-Kərimdən ayələr oxuyub, şəhidin ruhuna dualar edib.

 

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edib, şəhid Vüqar Əsgərovun Vətənə sədaqət və qəhrəmanlıq nümunəsi göstərdiyini vurğulayıb, 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbənin xalqımızın birliyi, ordumuzun qüdrəti və şəhidlərimizin fədakarlığı sayəsində əldə edildiyini bildirib. O, əlavə edib ki, bu Qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir və şəhidlərimizin hər biri xalqımızın yaddaşında əbədi qəhrəman kimi qalacaq.

 

Şəhidin həyat və döyüş yoluna nəzər salınıb, göstərdiyi xidmətlər və qəhrəmanlıq nümunələri xatırlanıb.

 

Tədbirdə şəhid ailələri, iştirakçılar və hərbçilər çıxış edib, şəhidlərin xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda göstərdiyi fədakarlıqları vurğulayıb. Ardınca Qarabağlar kənd tam orta məktəblərinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.

 

Mərasim, şəhid Vüqar Əsgərovun, həmçinin onun vəfat etmiş atasının və qardaşının məzarlarına tər qərənfillər qoyulması, ruhlarına dualar oxunması və xatirə fotosu çəkdirməklə başa çatıb.

Bəxtiyar Əliyev

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi