Advertisment

ŞƏHİD BAŞ LEYTENANT QULİYEV ORXAN VƏQİF OĞLUNUN DOĞUM GÜNÜ QEYD OLUNUB


"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 20 oktyabr 2025-ci il tarixdə şəhid baş leytenant Quliyev Orxan Vaqif oğlunun doğum günü münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis şöbəsinin əməkdaşları, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri, Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri, şəhid ailələri, qazilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əməkdaşı, Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının hərbçiləri, eləcə də kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra çıxış edənlər qəhrəman şəhidimizin həyat və döyüş yolundan, göstərdiyi igidliklərdən bəhs etmiş, onun vətənpərvərlik, fədakarlıq və mərdlik nümunəsinin gənclər üçün örnək olduğunu vurğulamışlar.
Tədbirdə Düdəngə və Zeyvə kənd tam orta məktəblərinin şagirdləri şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş, ruh yüksəkliyi və dərin ehtiram hissi ilə çıxış etmişlər.
Sonda şəhidin məzarı ziyarət olunmuş, üzərinə tər güllər düzülərək ruhuna dualar oxunmuşdur.
Bəxtiyar ƏLİYEV